Ana və uşaq ölümünün azaldılması üçün silsilə tədbirlər davam edir

Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi ana ölümü hallarının qarşısının alınması və azaldılmasında xüsusi əhəmiyyətə malik metodologiyadır. Onun Azərbaycanda geniş tətbiqinə texniki dəstək göstərmək məqsədilə ölkəmizə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqram rəhbəri Qunta Lazdane və eksperti Steilian Xodorogean dəvət ediliblər.
ÜST-nin nümayəndələri Respublika Perinatal Mərkəzi, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum şöbələri, habelə Sumqayıt Şəhər 1 nömrəli Doğum Evində nümunə olaraq nəzərdən keçirilən mamalıq ağırlaşması hallarının müzakirələrində iştirak ediblər.
Sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində bu sahədə həyata keçirilən silsilə tədbirlərin davamı kimi, həmin tibb müəssisələrinin və bütün perinatal mərkəzlərin nümayəndələrinin iştirakı ilə keçirilən seminarda hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin müəyyənləşdirilməsi üçün üç mərhələdən ibarət müzakirələr aparılıb.
Seminarda iştirakçıların hazırladığı metodikanın pilot tətbiqinin nəticələri təqdim edilib, əldə edilən nəticə və uğurlara, qarşıda duran problemlərə nəzər salınıb. ÜST-nin nümayəndələri seminar iştirakçılarını qurumun Ana və Yenidoğulmuşların Sağlamlığının Tədqiqatı qrupunun digər ölkələrdə keçirdiyi sorğu haqqında məlumatlandırıblar.
Qeyd edək ki, mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi üzrə ÜST ilə əməkdaşlıqda hazırlanan metodologiya ana ölümlərinin qarşısının alınması və azaldılması sahəsində xüsusi əhəmiyyətə malikdir. Həmin metodologiyanın Azərbaycanda tətbiqi “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planı”na uyğun olaraq həyata keçirilir.
Xəbəri paylaş