Ümumdünya İmmunitet günü qeyd edildi

“Uşaqlar cəmiyyətin barometridir. Körpələrlə, onların sağlamlığı ilə bağlı göstəricilər ölkənin inkişafının səviyyəsini əks etdirən güzgüdür. Ona görə də uşaqların sağlamlığının qorunmasına ayrılan diqqət, o cümlədən onların dispanserizasiyadan keçirilməsi və immunoprofilaktika tədbirləri çox önəmli məsələlərdir”. Bunu K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda Ümumdünya İmmunitet gününə həsr olunmuş “dəyirmi masa”da İnstitutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2002-ci ildən başlayaraq hər il martın 1-də dünya miqyasında qeyd edilən Ümumdünya İmmunitet günü ilə əlaqədar tədbirdə baş pediatr Azərbaycanda uşaq sağlamlığı ilə bağlı dövlət proqramlarından danışıb, bildirib ki, 2013-cü ildə qəbul edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, körpə doğulandan 1 yaşına qədər ayda iki, 2 yaşına qədər rübdə bir, 2-3 yaşlarında altı aydan bir, 3 yaşından sonra ən azı ildə bir dəfə kompleks müayinələrdən keçirilməlidir. Bu, dövlətin uşaq sağlamlığına göstərdiyi qayğının ifadəsidir.
N.Quliyev vurğulayıb ki, hazırda ölkə sakinlərinin 2,8 milyondan çoxunu 18 yaşına qədər olan uşaqlar təşkil edir və onların sağlamlığı etibarlı şəkildə qorunur. Aparılan müayinələrin başlıca məqsədi xəstəliklərin erkən aşkara çıxarılması, uşaqların normal fiziki inkişafı və vaxtında profilaktik, diaqnostik və müalicə-sağlamlıq tədbirlərinin görülməsidir. Baş pediatr aparılan dispanserizasiya nəticəsində ən çox qurd invaziyalarının və tənəffüs xəstəliklərinin aşkar edildiyini bildirib. Professor N.Quliyev bəzi valideynlərin vaksinasiya aparılmasına biganə münasibətindən danışarkən deyib: “Kaş hər bir ailə dövlətin göstərdiyi qədər uşaqlara qayğı göstərəydi”.
Yasamal rayonundakı 5 nömrəli Uşaq Poliklinikasının baş həkimi Adilə Hüseynova öz çıxışında bildirib ki, rayonda 56,5 min uşaqdan 54 mindən çoxu müayinədən keçib, onların 8 faizində xəstəlik aşkar edilib. Həmin uşaqlar arasında ən çox rast gəlinən kariyes, ikinci yerdə oftalmoloji, sonrakı yerlərdə anemiya, sinir sistemi, sümük-əzələ xəstəlikləri olub.
Sonra hər iki həkim “dəyirmi masa” iştirakçılarının suallarına cavab veriblər.
Qeyd edək ki, 1 Mart – Ümumdünya İmmunitet gününün məqsədi immun sisteminin əhəmiyyəti, onun fəaliyyətinin xüsusiyyətləri, immuniteti möhkəmlətmək üsulları barədə əhalini məlumatlandırmaqdır. Uşaq hələ ana bətnində olarkən formalaşmağa başlayan immun sistemi insanı ətrafdakı milyonlarla bakteriya və virusdan qoruyur, onların hər birinin xəstəlik törətməsinin qarşısını alır. Yuxu rejiminin pozulması, düzgün qidalanmamaq, fiziki gərginliyin düzgün seçilməməsi, ekologiya, qeyri-sağlam həyat tərzi kimi amillər isə orqanizmin stress vəziyyətinə şərait yaradır və immun sistemini zəiflədir.
Klinik İmmunoloqlar Assosiasiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub ki, dünyanın bütün ölkələrində əhalinin 7-15 faizi immunitetin zəifləməsindən əziyyət çəkir. Bunun əsas əlamətləri tez-tez soyuqdəymə, iki həftədən artıq davam edən bronxit, burun-udlaq nahiyəsində iltihablar, sürəkli yüksək hərarət (37-38 dərəcə), mədə-bağırsaq pozğunluğu və sairdir.
Alimlər müəyyən ediblər ki, insanı qoruyan hüceyrələrin çox hissəsi (80 faizi) mədə-bağırsaq yolunda yerləşir. Buna görə də düzgün qidalanma möhkəm immunitetin əsas şərtlərindən biridir. İnsanın qida rasionunda mütləq meyvə-tərəvəz və ağartı məhsulları olmalıdır. Çayın tərkibindəki L-teanin amin turşusu da immuniteti artıra bilər. Şirniyyata çox meyilli olmaq, külli miqdarda rafinə edilmiş şəkər, konfet və ya qazlı şirin içkilər istehlak etmək isə həm dişləri korlayır, həm də immuniteti zəiflədir.
Xəbəri paylaş