“Dəyirmi masa”da Azərbaycanda yanıqların müalicəsi sahəsində uğurlardan bəhs edilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasının Yanıq şöbəsində “dəyirmi masa” keçirilib. Tədbirdə ağır yanma zədələrinin və onlarla əlaqədar patoloji halların, o cümlədən yanıq şokunun və müvafiq müalicə metodlarının tədqiqi və tətbiqi ilə məşğul olan kombustiologiya sahəsində azərbaycanlı mütəxəssislərin uğurları təqdim olunub.
“Dəyirmi masa”da klinikanın baş həkimi, professor Şahin Əliyev bildirib ki, rəhbərlik etdiyi tibb müəssisəsinin Yanıq bölməsinə keçən il ambulator müalicə üçün təxminən 1200 xəstə daxil olub, onlardan 800-ə yaxını müxtəlif dərəcəli yanıqlarla stasionar müalicəyə qəbul edilib. Şöbəyə müraciət edənlər arasında uşaqlar daha çoxdur. Körpələrdə isti su yanıqları, böyüklərdə isə su ilə yanaşı, partlayış yanıqları çoxluq təşkil edir. Ötən il şöbədə 150 rekonstruktiv cərrahiyyə əməliyyatı həyata keçirilib ki, bunların 70 faizində ağır yanıq xəsarətləri, bəzi hallarda isə bədəninin 50 faizinin yanığı olub.
Qeyd edilib ki, bu ilin ilk 2 ayı ərzində şöbəyə daxil olan xəstələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Sonra tədbirdə Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasının Yanıq şöbəsinin mütəxəssisləri, həkim-ordinator Ülviyyə Zeynalovanın “Azərbaycanda kombustiologiyanın inkişafı. Yanıq travması haqqında ümumi məlumat”, tibb üzrə fəlsəfə doktoru Həmzə Əzizbəyovun “Yanıqlar və onların fəsadları” və ADHTİ-nin Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının həkimi, dosent Həsən Əsədovun “Üz-çənə nahiyəsinin anomaliyalarında aparılan plastik və rekonstruktiv cərrahi əməliyyatlar” mövzularında məruzələri dinlənilib.
Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xəbəri paylaş