Təcili və təxirəsalınmaz konsultativ tibbi yardım haqqında yeni qaydalar təsdiqlənib
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısının 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Telesəhiyyə texnologiyalarının tətbiqi ilə təcili və təxirəsalınmaz konsultativ tibbi yardımın təşkili barədə” əmrə əsasən, belə xidmətin təşkilinə dair yeni Qaydalar təsdiqlənib. Bu sənədə görə, yerlərdə lazımi müalicə və diaqnostika imkanlarının məhdud olduğu tibb müəssisələrində müalicə alan xəstələrin və zərərçəkənlərin həyat və sağlamlığına təhlükə yarandığı hallarda təcili və təxirəsalınmaz konsultativ tibbi yardımın (TTKTY) həyata keçirilməsi nəzərdə tutulub. Həmin yardımı Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi heyəti, həmçinin xidməti müqavilə əsasında digər ixtisaslaşdırılmış tibb müəssisələrində və ali tibb təhsil ocaqlarında çalışan alimlər, aparıcı mütəxəssislər və ixtisaslaşmış məsləhətçi həkimlər aparacaq.
Tibb müəssisələrində müalicə alanların həyatına təhlükə yaranması, yerlərdə konkret ixtisas üzrə mütəxəssis çatışmaması və ya xüsusi yardımın göstərilməsi üçün şəraitin yoxluğu, aparılan müalicənin səmərəsizliyi və xəstənin vəziyyətinin getdikcə pisləşməsi, xəstəliyin diaqnostika və müalicə taktikasının müəyyən edilməsi zamanı çətinliklərin olması və xəstənin ixtisaslaşdırılmış tibb müəssisəsinə keçirilməsinə zərurət yaranması TTKTY briqadasının çağırılması üçün əsas ola bilər. Bu yardımın təmin edilməsi üçün aviasiya, sanitar avtomobillər və digər nəqliyyat vasitələrindən istifadə edilir.
Bundan əlavə, Qaydalarda müasir telesəhiyyə texnologiyaları, o cümlədən, internet, mobil cihazlar, müxtəlif telekommunikasiya proqramlarından istifadə edilməsi də öz əksini tapıb. Sənəddə onlayn videokonfrans – konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında internet vasitəsilə canlı videodialoqların aparılması; onlayn yazışma (çat) – konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında internet vasitəsilə mesajlarla fikir mübadiləsi; tibbi görüntülərə, o cümlədən rəqəmsal rentgen, ultrasəs, EKQ, KT, MRT və s. müayinələrin nəticələrinə canlı olaraq baxılması kimi konsultativ xidmətlər qeyd olunur.
Qəbul edilən Qaydalarda həmçinin məsləhətçi həkim gələnə qədər xəstənin lazım olan bütün zəruri instrumental və laborator müayinələrdən keçirilməsi, ona tibbi baxış zamanı xəstənin müalicə həkimi, şöbə müdiri və onu dəvət edən tibb müəssisə rəhbərliyinin nümayəndəsinin iştirakı barədə tələblər də qeyd olunub.
Xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq, vaxt itkisinə yol verməmək üçün tibbi təxliyə haqqında qərarı ixtisaslı mütəxəssisin telesəhiyyə texnologiyalarından istifadə edərək məsafədən verməsinin və xəstənin daşınmasının TTKTY-nin xüsusiləşdirilmiş briqadası və ya yerli mütəxəssisin iştirakı ilə həyata keçirilməsinin mümkünlüyü də bildirilir.