Əhalinin növbəti kütləvi tibbi müayinələri keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildən ölkəmizin hər yerində əhalinin kütləvi şəkildə tibbi müayinələri təşkil olunur. Hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti ödənişsiz əsaslarla, dövlət hesabına müayinələrə cəlb edilir, ehtiyacı olanlar ambulator və stasionar müalicə alır, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər.
Ötən illərdə olduğu kimi, bu il də fevralın 15-dən ölkənin bütün yaşayış məntəqələri üzrə tibb müəssisələrində növbəti dəfə kütləvi tibbi müayinələrə başlanıb. 2017-ci ilin tibbi müayinə kampaniyası mayın 15-dək davam edəcək.
Əhalinin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edən bu tədbirin yüksək səviyyədə təşkili üçün şəhər və rayonların səhiyyə qurumları, tibb müəssisələri yerli icra hakimiyyəti orqanları ilə birgə bütün təşkilati işləri həyata keçirir, əhali arasında izahat-maarifləndirmə işi aparır, vətəndaşların tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görür.