Tibb təhsili beynəlxalq məkana inteqrasiya olunur
Azərbaycanla Türkiyə arasında təhsil və səhiyyə sahəsində mövcud münasibətlərin möhkəmlənməsi Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəylinin görüşünün əsas müzakirə mövzusu olub.
Səfir E.Özoral Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşü zamanı digər vacib məsələlərlə yanaşı, ATU ilə İstanbul Universiteti arasında bir sıra layihələrin planlaşdırılmasının da müzakirə olunduğunu söyləyib. E.Özoral bildirib ki, artıq Türkiyə həkimləri bütün Avropada yüksək səviyyəli mütəxəssis kimi qəbul olunurlar və bu təcrübə ilə Azərbaycanda da paylaşmaqda maraqlıdırlar. ATU-nun türk gənclər arasında tanındığını deyən səfir öz ölkəsinin tələbələrinin bu universitetdə təhsilini dəstəklədiyini vurğulayıb.
Öz növbəsində G.Gəraybəyli ATU-nun bir çox əcnəbi təhsil müəssisələri ilə əlaqələrinin olduğunu, onların arasında Türkiyə universitetlərinin xüsusi yer tutduğunu söyləyib. Rektor İstanbul Universiteti ilə birgə layihənin reallaşmasının bir çox yeniliklərin tətbiqinə yol açacağını qeyd edib.
ATU-nun xarici tələbələrlə iş üzrə dekanı Tariel İsmayılov hazırda Tibb Universitetində Türkiyədən 527 nəfərin təhsil aldığını bildirib. Onlardan 311-i artıq tələbədir, 216-sı isə universitetin hazırlıq kurslarına cəlb olunublar.
Sonra səfir ATU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb. Gənclər ATU-da onların təhsili və yaşayışı üçün yaradılan şərait, mövcud tədris sistemi haqqında səfirə məlumat veriblər.
***
Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Koç Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd iki ali təhsil müəssisəsi arasında həkim, rezident mübadiləsi və bir sıra qarşılıqlı layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Bu münasibətlə ATU-nun rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Koç Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Qonaqlara rəhbərlik etdiyi ali tibb təhsili müəssisəsinin fəaliyyəti haqqında ətraflı məlumat verən G.Gəraybəyli hazırda burada bir çox sahələrdə islahatlar aparıldığını deyib. Rektor ATU-nun tibb təhsili verən bir çox xarici ali məktəbləri ilə əməkdaşlıq etdiyini, son illər bu əlaqələrin daha da intensivləşdiyini bildirib. Bu ölkələr arasında Türkiyə ali təhsil ocaqlarının üstünlük təşkil etdiyini vurğulayan G.Gəraybəyli Koç Universitetini də ATU-nun əməkdaşlıq etdiyi ali təhsil müəssisələri arasında görməkdən məmnunluğunu vurğulayıb.
Koç Universiteti xəstəxanasının direktoru Sergin Akper rəhbərlik etdiyi qurum barədə məlumat verərək bildirib ki, bu müəssisə həmin Universitetin Tibb fakültəsinin araşdırma və təhsil xəstəxanasıdır. Burada rezidentura sisteminin uzun müddət tətbiq olunduğunu deyən S.Akper bu sahədə ciddi nailiyyətlərin olduğunu qeyd edib. O, ATU-nun nümayəndə heyətini yaxın vaxtlarda Koç Universitetində təşkil olunacaq elmi seminara dəvət edib.
***
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Beynəlxalq Universitetlər Assosiasiyasının prezidenti Kaxa Şengeliya ilə də görüşüb.
Tibb Universitetində olduğundan məmnunluğunu ifadə edən K.Şengeliya Beynəlxalq Universitetlər Assosiasiyası barədə görüş iştirakçılarına məlumat verib, bu qurumun 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının nəzdində yaradıldığını, dünyanın 200-dən çox nüfuzlu universitetinin bu assosiasiyanın üzvü olduğunu, əsas mərkəzlərinin Nyu-York və Londonda yerləşdiyini bildirib. K.Şengeliya G.Gəraybəylini Beynəlxalq Universitetlər Assosiasiyasının bu il iyulun 5-dən 8-nə kimi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək toplantısına dəvət edib.
G.Gəraybəyli qonağa ATU-nun fəaliyyəti, klinikaları haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri olan ATU xarici tələbələrin sayına görə ölkəmizdə ilk sırada yer tutur. Universitetə ildə təxminən 1000 tələbə qəbul edilir və hazırda 7000-nə yaxın gənc burada təhsil alır.
***
Fransanın bir neçə universitetinin nümayəndələri Bakıya səfərləri çərçivəsində Azərbaycan Tibb Universitetində olublar.
Universitetlə tanışlıqdan sonra qonaqlar Tədris Terapevtik Klinikasının direktoru, professor Hüseyn Qabulov və Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Rauf Ağayevlə görüşüblər.
Görüşdə əməkdaşlıq perspektivləri, təcrübə və elmi mübadilələr müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın tərəflər üçün faydalı olacağı, gələcəkdə müştərək layihələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.