Antenatal qulluğun səviyyəsi, əhatəsi və keyfiyyəti artır
Hər bir hamilə ilk gündən qadın məsləhətxanasında qeydiyyata düşməli, mütəmadi olaraq həkim müayinəsindən keçməlidir. Hər bir normal hamiləlikdə antenatal qulluq (doğuşaqədərki nəzarət) 7 gəlişdən ibarətdir. Lakin müayinələr zamanı hər hansı bir patologiya aşkarlanarsa, hamilə qadın daha dolğun müayinə və müalicə məqsədi ilə həkimin müvafiq stasionara göndərişi ilə hospitalizasiya oluna bilər.
Bu barədə Respublika Perinatal Mərkəzində KİV nümayəndələrinin iştirakı ilə antenatal qulluğun təşkili mövzusuna həsr edilmiş tədbirdə söhbət açılıb. Toplantıda antenatal qulluğun hazırkı səviyyəsi və əldə olunan nailiyyətlər barədə iştirakçılara məlumat verilib. Qeyd olunub ki, hazırda hamilə qadınlara ərazi tibb müəssisələrində, qadın məsləhətxanalarında və digər müəssisələrdə yüksək səviyyədə zəruri müayinə və müalicə xidmətləri göstərilir.
Bildirilib ki, qadının bütün hamiləlik boyu bir tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci, 40-cı həftəsində gəlişi tövsiyə olunur.
Tədbirdə son illərdə erkən nikahların sayının azalması mövzusuna da toxunulub. Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, ilk hamiləlik 18-25 yaş arasında olmalıdır. Məhz bu yaş dövründə gənc analar mövcud problemləri daha az yaşayırlar.