Mamalıq və Ginekologiya İnstitutunun əsaslı təmirdən sonra açılışı oldu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səhiyyə Nazirliyinin Bakıdakı Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın Birinci vitse-prezidentinə görülən işlər barədə məlumat verərək bildirib ki, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 2013-cü ildə başlanılan əsaslı təmir işləri yüksək səviyyədə həyata keçirilib. Ümumi ərazisi bir hektara yaxın olan İnstitutun ətrafında geniş abadlıq, quruculuq və yaşıllaşdırma işləri aparılıb. Binanın əsas korpusunda Qəbul şöbəsi, hər biri 20 çarpayılıq Hamiləliyin patologiyası, Ginekologiya və Ambulator-diaqnostika şöbələri fəaliyyət göstərir. İnstitutun 16 çarpayılıq Mamalıq şöbəsi, 10 çarpayıdan ibarət Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi zəruri avadanlıqla təchiz edilib. Vaxtından əvvəl doğulmuşlar, Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbələrində problemli körpələrə yüksək səviyyədə tibbi yardım göstərilir. Tibb müəssisəsində Şüa diaqnostika şöbəsi, laboratoriya və müasir səviyyədə qurulmuş əməliyyat bloku da var. Bütün otaqlar müasir avadanlıq və zəruri inventarla təchiz edilib.
Mamalıq və Ginekologiya İnstitutunda ən yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılıb. İnstitutda poliklinika korpusu, mətbəx və camaşırxana da var.
Müəssisə ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinə uğurlar arzuladı.