Azərbaycanda toksiki zəhərlənmə halları azalıb
Ötən il Azərbaycanda toksiki maddələrdən zəhərlənmə hallarının sayında azalma qeyd olunub.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycanda bu sahədə aparıcı müəssisə olan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsidir. Burada toksiki və qida zəhərlənmələri, ilan və əqrəb sancması nəticəsində kəskin zəhərlənmiş və vəziyyəti ağırlaşmış xəstələrin müalicəsi və reabilitasiyası aparılır, aktiv detoksikasiya üsulları tələb edən, endogen intoksikasiyalı xəstələr müalicə olunur. Şöbənin əməkdaşları həmçinin paytaxtın və bütün ölkənin müalicə-profilaktika müəssisələrinə mütəxəssis məsləhətlərinin verilməsi və operativ köməklik göstərməsi ilə məşğul olurlar.
Məlumatda bildirilir ki, 2016-cı ildə KTM-in Toksikologiya şöbəsinə 2243 nəfər daxil olub. Bu isə 2015-ci illə müqayisədə (2462 nəfər) zərərçəkənlərin sayında əhəmiyyətli azalma deməkdir. Ötən il şöbəyə daxil olan zərərçəkənlərin 32,8 faizinə “dərman preparatlarından zəhərlənmə” diaqnozu qoyulub, 21 faizi dəm qazından və digər zəhərli qazlardan, 14,1 faizi alışqan maddələrdən zəhərlənib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi vətəndaşların müxtəlif toksiki maddələrlə zəhərlənməsinin qarşısını almaq üçün ilboyu maarifləndirmə işləri aparır.