Bakının təcili yardım xidmətinə gündə 2 min çağırış daxil olur
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 24 saat ərzində fasiləsiz olaraq paytaxtın bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək tibbi yardım göstərir. Gündəlik olaraq 103 xidmətinə 2 minə yaxın çağırış daxil olur. Bayram və istirahət günlərində isə müraciətlərin sayı daha da artır.
Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında keçirilmiş, ötən il ərzində stansiyanın fəaliyyətinə həsr olunmuş tədbirdə məlumat verilib.
Toplantıda qeyd edilib ki, ötən il Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub. Stansiyanın baş həkiminin müavini İradə Əliyeva bildirib ki, müraciət edənlərdən 63 mindən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün çağırışların sayı isə 83 mindən çox olub. Onlardan xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıqdır. Bu müddət ərzində 2 min nəfərdən çox pasiyent reanimasiya tədbirlərinin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılıb və onların həyatı xilas edilib.
Baş həkimin müavini məlumat verib ki, çağırışların mindən çoxu miokard infarktı (940-a yaxın hospitalizasiya), 3300-ü insult (2950 hospitalizasiya), 3310-u doğuş (3290 hospitalizasiya), 2420-si avtoqəza zamanı xəsarətlərlə (2125 hospitalizasiya) bağlı müraciətlər olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Eyni zamanda, çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barədə qadın məsləhətxanaları məlumatlandırılıb.
Tədbirdə vurğulanıb ki, təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs ilkin tibbi yardım göstərildikdən, müxtəlif ixtisaslı bir neçə həkimin ətraflı tibbi müayinəsindən keçdikdən və təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.
Stansiyanın baş həkiminin müavini Murad Mirzəzadə isə diqqətə çatdırıb ki, tibbi müəssisənin maddi-texniki təchizatı yüksək səviyyədədir. Stansiya kütləvi hadisələr zamanı 6 nəfəri daşıya bilən, qarlı-buzlu yollarda sürülə bilən, laborator və reanimasion sanitar avtomobillərlə təmin edilib.
Təcili yardım xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə xidmətdə istifadə olunan dərman preparatlarının siyahısı Müalicə metodik şöbə tərəfindən daim araşdırılır, müvafiq dəyişikliklər edilir.
Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədilə stansiya portativ rentgen aparatları ilə təmin olunub. Həmçinin ev şəraitində laborator müayinələr apara bilən xüsusi briqada da əhaliyə yüksək səviyyədə xidmət edir.
Mütəmadi olaraq stansiyanın tibbi heyətinə təlimlər keçilir, həkimlər ixtisas artırmaq məqsədilə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda və ölkədən kənarda keçirilən təkmilləşdirmə kurslarında iştirak edirlər. Bakı şəhər TTTYS-nın bütün həkim heyəti sertifikasiyadan keçib, bir çoxları yüksək ixtisas dərəcələri alıb. Orta tibb heyətinin tam sertifikasiyası sona çatmaq üzrədir.