Yoluxucu xəstəliklərin profilaktikası üzrə planlı iş aparılır

Yoluxucu xəstəliklərin profilaktikası üzrə planlı iş aparılır

Son illər yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər sayəsində davamlı epidemioloji sabitlik təmin edilir. Hazırda Azərbaycanda bütün uşaqları əhatə edən planlı peyvənd həyata keçirilir, Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, 11 yoluxucu xəstəliyə (qızılca, poliomielit, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus, hepatit B, pnevmokok, B tipli hemofil infeksiya, vərəm) qarşı vaksinasiya aparılır.
Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 2016-cı ildə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verilib.
Tədbirdə çıxış edən Mərkəzin baş direktorunun müavini Afaq Əliyeva ölkədə planlı peyvəndlərin 95-98 faiz yerinə yetirilməsi və immunizasiya tədbirlərinin daim təkmilləşdirilməsi nəticəsində vaksinasiya vasitəsilə idarə olunan infeksion xəstəliklərə yoluxma hallarının azaldığını bildirib.
Direktor müavini yoluxucu xəstəliklərə qarşı mübarizənin sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb: “Son illər ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə bu sahədə müvafiq tədbirlər həyata keçirilib. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” körpə və uşaq ölümünün, onlar arasında xəstələnmənin səviyyəsinin azalmasına yönələn mühüm sənəddir”.
A.Əliyeva yoluxucu xəstəliklərin profilaktikası üzrə həyata keçirilən tədbirlər, peyvənd planının yüksək səviyyədə yerinə yetirilməsi nəticəsində əldə edilən uğurlardan danışıb: “Ölkəmizdə 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca, 2014-cü ildən göyöskürək, 2016-cı ildən epidemik parotit xəstəlikləri müşahidə edilməyib. 2001-ci ildən hepatit B əleyhinə peyvəndin tətbiq edilməsi nəticəsində son illər uşaqlar arasında bu xəstəliyin dinamik azalması müşahidə olunur”.
Natiq vurğulayıb ki, hazırda Sağlamlıq Kartı sistemi vasitəsilə peyvənd işinə nəzarəti gücləndirmək, bunun üçün hər bir uşağın peyvənd olunması barədə məlumatı hesabat formasında əldə etmək imkanı var: “Bakı şəhərində sınaqdan keçirilmiş proqramın 2017-ci ildən digər regionlarda da tətbiqi nəzərdə tutulur”.
Respublika GEM-in baş direktorunun müavini 2016-cı ilin aprel ayından bütün şəhər və rayonlarda üçvalentli OPV vaksininin istifadəsinin dayandırıldığını, bunun əvəzinə ikivalentli OPV vaksininin tətbiqinə başlanıldığını deyib.
Peyvəndlərlə idarə olunan yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə ölkəmizdə son illər əlavə immunlaşdırma tədbirlərinin həyata keçirildiyini vurğulayan A.Əliyeva buna misal olaraq Azərbaycanın 2007-ci ildən etibarən hər il aprel ayında Avropa İmmunlaşdırma Həftəsinə qoşulmasını, 2015-2016-cı illərdə risk qrupuna aid olan tibb işçilərinin B hepatitinə qarşı, miqrasiya edən böyük yaşlı əhalinin qızılca və məxmərək əleyhinə peyvənd olunmasını, 2015-cı ilin oktyabr-noyabr aylarında poliomielitə qarşı əhatə səviyyəsi 95%-dən aşağı olan rayonlarda əlavə immunlaşdırma tədbirlərinin aparılmasını qeyd edib: “Vaksinlərin etibarlı saxlanması məqsədilə isə “soyuq zəncir” sistemi gücləndirilib. Peyvənd saxlanılan anbarlarda temperatur rejiminin daimi monitorinqinin aparılması üçün onlar lazımi texniki avadanlıqla təchiz edilib. Peyvəndlərin və digər peyvənd materiallarının bu sistemin tələbləri daxilində yerlərə mərkəzləşdirilmiş qaydada daşınması təmin olunub”.
Afaq Əliyeva Avropa ölkələrində, habelə Azərbaycanla həmsərhəd dövlətlərdə ölümə səbəb olan H1N1 virusunun ötən il ölkəmizdə yayılmasının qarşısının alındığını da diqqətə çatdırıb.
2016-2017-ci illərin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı aparılan profilaktik tədbirlər, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən natiq qeyd edib ki, virusoloji laboratoriyada aparılan müayinələr ölkəmizdə xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir: “Son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilib. Bununla əlaqədar infeksion xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq olunub və o daim yenilənir, təkmilləşdirilir. Sistem vasitəsilə ölkəmizdə qeydə alınan hər bir infeksiya hadisəsi barədə onlayn rejimdə məlumat əldə olunur, operativ tədbirlər həyata keçirilir, epidemioloji vəziyyət, o cümlədən rayon səviyyəsində təhlil edilir. Bu elektron proqram Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropada ən müasir sistem kimi qiymətləndirilib və onun vasitəsilə müvafiq məlumatların birbaşa ÜST-yə göndərilməsi imkanı yaranıb”.
A.Əliyeva həmçinin Azərbaycanda vərəm xəstələrinin və hepatitdən əziyyət çəkənlərin sayının azaldığını da vurğulayıb. 2013-cü ildən isə ölkədə malyariya xəstəliyinin müşahidə edilmədiyini bildirib: “Bu nailiyyət ÜST Avropa Regional Bürosu tərəfindən qeyd edilib. Qazanılan uğuru qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “2016-2020-ci illər üçün Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması üzrə Milli Strategiya”nın icrasına başlanıb. Aşqabad şəhərində isə 2016-cı ilin iyul ayında “Eliminasiyadan sonrakı dövrdə malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə yeni Bəyannamə qəbul edilib”.
Sonda Mərkəzin baş direktor müavini Respublika GEM tərəfindən kadr hazırlığı sahəsində görülən işlərdən də danışıb. Qeyd edib ki, 2016-cı ilin iyun-oktyabr aylarında şəhər və rayonlarda mütəxəssislər üçün qızılca və məxmərək xəstəlikləri üzərində epidemioloji nəzarət və anadangəlmə məxmərək sindromunun profilaktikası mövzusunda təlimlər keçirilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova