Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi

Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
Əvvəlcə komitənin sədri Əhliman Əmiraslanov 2016-cı il payız sessiyası dövründə görülən işlər və 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri barədə məlumat verib.
Komitə sədri hesabat dövründə 3 iclasın keçirildiyini, 8 məsələnin müzakirə edildiyini, bunlardan 7-sinin qanun layihəsi olduğunu bildirib. Qeyd edib ki, həmin dövrdə komitəyə 174 ərizə və şikayət daxil olub, komitə adından müxtəlif orqanlara aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün 155 məktub göndərilib, 52 vətəndaş komitə sədri tərəfindən qəbul edilib. Deputatlar müxtəlif tədbirlərdə iştirak ediblər.
Milli Məclisin deputatları komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra iclasda 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirə olunub. Bildirilib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edəcəyi qanun layihələri ilə yanaşı, Səhiyyə komitəsində bir sıra vacib qanunların işlənib tamamlanması da nəzərdə tutulur. O cümlədən, “Psixoloji yardım haqqında”, “Reproduktiv sağlamlıq haqqında” qanun layihələrinin hazırlanması, gözün buynuz qişasının transplantasiyası və optika xidmətinin yaxşılaşdırılması ilə bağlı müvafiq qanunvericilik aktlarına dəyişikliklərin edilməsi, həmçinin “Pasiyent hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar dinləmələrin keçirilməsi planlaşdırılır.
İclasda komitə sədrinin müavini Musa Quliyev, deputatlar Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Rəşad Mahmudov, İlham Məmmədov, Rafiq Məmmədhəsənov iş planına dair rəylərini bildirib, bir sıra təkliflər veriblər.
Komitəyə dəvət olunmuş mütəxəssislər də səhiyyə qanunvericiliyi ilə bağlı təkliflərini deputatların diqqətinə çatdırıblar.
Müzakirələrə yekun vuran komitə sədri Əhliman Əmiraslanov irəli sürülən təkliflərin nəzərə alınacağını bildirib.
Yaz sessiyasının iş planı təsdiqlənib.
Xəbəri paylaş