Travmatologiya və Ortopediya İnstitutu illik hesabatını təqdim etdi

Travmatologiya və Ortopediya İnstitutu illik hesabatını təqdim etdi

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) cari ilin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, Səhiyyə Nazirliyinin travmatologiya üzrə baş mütəxəssisi, professor Vaqif Verdiyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılmasından, əhaliyə təqdim edilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün səhiyyənin ayrı-ayrı sahələrində həyata keçirilən dövlət proqramlarından, son illərdə tibbi kadrların, o cümlədən travmatologiya və ortopediya sahəsində mütəxəssislərin hazırlanması işində qazanılmış ciddi uğurlardan danışıb.
Bu il ETTOİ-nin yaradılmasının 70 illiyinin qeyd olunduğunu xatırladan professor V.Verdiyev tibb müəssisəsinin tarixindən söz açıb, Böyük Vətən müharibəsindən sonrakı illərdə müharibə əlillərinə ixtisaslı travmatoloji və ortopedik yardım göstərilməsində onun rolunu qeyd edib, 1950-ci illərdə institutun fəaliyyətində görkəmli ictimai və siyasi xadim, professor Əziz Əliyevin böyük xidmətlərini vurğulayıb.
ETTOİ-nin Azərbaycanda ortopediya və travmatologiyanın inkişafı istiqamətində apardığı böyük işlərdən, bütövlükdə dünya elminə verdiyi sanballı töhfələrdən danışan natiq bildirib ki, institutda SSRİ-də birincilər sırasında sümük patologiyası şöbəsi, toxumaların konservasiyası laboratoriyası, eksperimental laboratoriya, neyrofiziologiya laboratoriyası və digər bölmələr açılıb: “Burada sümüklərin osteosintezinin yeni metodları tətbiq edilir, dayaq-hərəkət sisteminin anadangəlmə və qazanılmış deformasiyaları müalicə olunur, poliomielit, onurğa sütununun, aşağı və yuxarı ətrafların deformasiyaları ilə bağlı tədqiqatlar aparılır. Bu il institutda təqribən 9 min xəstəyə yardım göstərilib. 7 mindən çox pasiyent ambulator rejimdə, 1900 nəfər stasionar rejimdə müalicə alıb.
İnstitutun 200 çarpayılıq klinikasında 7 əməliyyat otağı var. 2016-cı ildə burada təxminən 1500 əməliyyat aparılıb. Bundan əlavə, 2009-cu ildən ETTOİ-də endoprotezləmə əməliyyatları həyata keçirilir. İndiyə qədər 100-ə yaxın xəstə üzərində dövlət hesabına bu cür əməliyyatlar icra olunub”.
Qeyd edilib ki, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu həm də yüksək səviyyəli elm və tədris ocağıdır, ölkəmizdə travmatologiya üzrə aparıcı müəssisə kimi, regionlarda travmatoloji xidmətin təşkili, həkimlərin təkmilləşdirilməsi sahəsində mühüm işlər görür. Azərbaycanın müxtəlif bölgələrində mütəmadi olaraq institutun əməkdaşları və təhkim edilmiş kuratorları tərəfindən əhalinin profilaktik müayinələri və müalicəsi aparılır. Bölgələrdə elmi-praktik konfranslar təşkil olunur, eləcə də hər 3 ildən bir Azərbaycan travmatoloq və ortopedlərinin qurultayı kecirilir.
Tədbirdə ETTOİ-nin şöbə müdirləri Elşən Məhərrəmov, Yaşar Cəlilov, Qələndər Canbaxışov, Fikrət Qafarov və digərləri çıxış edərək, institutda geniş istifadə olunan yeni texnologiyalardan, o cümlədən ətrafların sınıqları zamanı bloklayıcı ştiftlər, plastinlər, diz oynağı üçün fiksəedici bandajların müxtəlif növləri, biləyin boruşəkilli sümüklərinin rezeksiyadan sonrakı defektlərində biokompozit materiallar və sairin tətbiqindən danışıblar.
Bildirilib ki, hazırda travmalar və ortopedik xəstəliklər arasında insanların yol-nəqliyyat hadisələrində zərər çəkməsi ilə bağlı vəziyyət daha mürəkkəbdir. Yol qəzaları nəticəsində kəllə-beyin travmaları, döş qəfəsinin ciddi zədələnməsi halları müşahidə olunur. Çoxseqmentli sınıqlarla bağlı müraciətlərin sayı artıb. Digər çoxsaylı müraciətlərdən anadangəlmə zədələri, alətlərlə düzgün rəftar etməmək nəticəsində əllərin zədələnməsini, ağır formalı skoliozu göstərmək olar.
Tədbirin sonunda mütəxəssislər jurnalistlərin suallarına cavab veriblər.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova