Respublika Psixiatriya Xəstəxanasının 80 illik yubileyi

Respublika Psixiatriya Xəstəxanasının 80 illik yubileyi

Azərbaycanın psixiatrik yardım üzrə qocaman tibb müəssisəsi olan 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tibb ictimaiyyəti və Suraxanı rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirak etdiyi toplantıda xəstəxananın zəngin tarixi haqqında geniş məlumat verilib.
Bildirilib ki, Azərbaycanda ilk dəfə 1925-ci ildə Mərdəkanda 150 nəfərlik psixiatrik koloniya təşkil olunub. Daha sonra 1933-cü ildə Qala və Maştağa qəsəbələrində Aşurbəyov və Xanlarova məxsus bağ evlərində psixiatrik koloniyalar açılıb. Bu müəssisələrdə həkim heyəti olmadığına görə 1936-cı ildə professor Sergey Zinovyev, həkimlər Vişnevski, Əsgərov, Kolesnikov ezamiyyət cədvəli tərtib edirlər və həmin koloniyalarda xəstələrin psixi vəziyyətinə nəzarət etməyə başlayırlar. Bir qədər sonra isə Maştağada yerləşən psixiatrik koloniyanın daha səmərəli işləməsi üçün onun bazasında 200 çarpayı fondu ilə psixiatrik xəstəxana fəaliyyət göstərməyə başlayır. Müharibədən sonrakı dövrdə sənədlər tapılmadığından Maştağa koloniyasının xəstəxana statusuna keçməsi tarixi dəqiq məlum deyil. Lakin 1950-ci illərin sənədlərində artıq bu müəssisə 3 saylı Psixiatriya Xəstəxanası adlandırılırdı.
1951-ci ildə Azərbaycan SSR Tibb İşçiləri Həmkarlar İttifaqının kollegiya iclasında Maştağa qəsəbəsində yeni Respublika Psixiatriya Xəstəxanası tikilməsi haqqında qərar verilir. Sonrakı illərdə onun tibb personalının və çarpayı fondunun sayı artırılır, yeni korpuslar tikilir, İnfeksion şöbə açılır. Burada müalicə istehsalat əmək emalatxanaları fəaliyyətə başlayır, yardımçı təsərrüfat yaradılır.
1980-ci illərdə Respublika Psixiatriya Xəstəxanasının 140 və 100 çarpayılıq 2 ikimərtəbəli korpusu, həmçinin inzibati bina istifadəyə verilir, tibb müəssisəsinin nəzdində Dispanser şöbəsi açılır.
Həmin dövrdə 1 saylı Psixiatriya Xəstəxanası adlandırılan səhiyyə ocağı artıq 2265 çarpayıdan ibarət idi və keçmiş sovet dövlətində kifayət qədər tanınırdı. 1984-cü ildə SSRİ-də ilk dəfə keçirilən Beynəlxalq Psixiatriya Konfransına məhz 1 saylı Psixiatriya Xəstəxanası ev sahibliyi etmişdi. Sovet psixiatriyasının görkəmli simalarının, Avstriya, Almaniya, Polşa, Türkiyə, Yuqaslaviyadan psixiatriya üzrə tanınmış mütəxəssislərin iştirak etdiyi bu mötəbər toplantıda xəstəxana bir neçə mükafat və diplomlarla təltif olunmuşdu.
Tibb müəssisəsi həmçinin 1983-1985-ci illərdə SSRİ Səhiyyə Nazirliyinin və Tibb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Keçici qırmızı bayrağını qazanıb, bayraq daimi xəstəxanada qalıb. Səhiyyə ocağının yardımçı təsərrüfatı öz nailiyyətlərinə görə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının diplomuna və “Yüksək mədəniyyət kollektivi” fəxri adına layiq görülüb.
Bu illər ərzində xəstəxanaya Abram İsakoviç Şteyman, Hüseyn Şahmalıyev, Cəfər Məmmədov, Ələkbər Cəfərov, Mirmövsüm Cəfərov və s. kimi çox tanınmış səhiyyə təşkilatçıları rəhbərlik ediblər. Rəhbər şəxslərdən sıravi əməkdaşlaradək hər bir işçinin fədakar əməyi sayəsində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası 80 illik şərəfli ömür yolu keçib.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova