Əczaçılıq şirkətləri güclü təsiredici dərmanların satışına xüsusi icazə alacaq
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici və zəhərli maddələrin topdan və pərakəndə satışı ilə bağlı, bu fəaliyyət növünə xüsusi icazə almaq istəyən, çoxsaylı aptek şəbəkəsinə malik iri topdansatış əczaçılıq şirkətləri rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.
AEM-in, Respublika Narkoloji Mərkəzinin (RNM), İnnovasiya və Təchizat Mərkəzinin (İTM) rəhbərliyinin qatıldığı iclasda AEM-in direktoru Murad Süleymanov və RNM-in direktoru Telman Məmmədhəsənov “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin maddələrin idxalı, saxlanması və satışına olan tələblər barədə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyindən rəy verilməlidir. Bunun üçün müvafiq aptek təşkilatları adı çəkilən siyahıya daxil olan dərman vasitələrinin qanunvericiliklə müəyyən olunmuş qaydada saxlanılması və satışı tələblərinə cavab verməli, şərtlərə uyğun olmalıdır. Bildirilib ki, belə dərman vasitələrinin istifadəsinə tibbi göstərişi olan xəstələr üçün onların əlçatanlığını təmin etmək məqsədilə, əczaçılıq şirkətləri lazımi tələblərə cavab verən aptek müəssisələrinin siyahısını hazırlayaraq, Analitik Ekspertiza Mərkəzinə və Respublika Narkoloji Mərkəzinə təqdim etməlidirlər.
Sonda AEM-in, RNM-in və İTM-in rəhbərləri toplantı iştirakçılarının suallarını cavablandırıblar.