Mərkəzi Neftçilər Xəstəxanasının 60 illik yubileyi qeyd edildi

Çox maraqlı və şərəfli inkişaf tarixinə malik olan, 60 il əvvəl bir idarənin nəzdində sahə xəstəxanası kimi yaradılmış, ancaq bu gün ümumilikdə Azərbaycan xalqının xidmətində duran Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yubileyi münasibətilə tədbir keçirilib.
Toplantıda xəstəxananın baş direktoru Leyla Seyidbəyova bu tibb ocağının tarixinə nəzər salıb, 1956-cı ildə Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanası adı ilə yaradıldığını, çox keçmədən onun neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində Azərbaycanın ən böyük mərkəzinə çevrildiyini xatırladıb. Yeni korpusları tikilən klinikanın keyfiyyətli tibbi xidmətləri təmin etməyə imkan verən bütün lazımi avadanlıqla təchiz edildiyini söyləyib.
Qeyd olunub ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası ən müasir müalicə-diaqnostika avadanlıqları və gündəlik fəaliyyəti üçün lazım olan hər cür dərman preparatları ilə təmin edilir. Xəstəxananın zəngin maddi-texniki bazası və güclü kadr potensialı burada mürəkkəb cərrahi əməliyyatlar aparmağa imkan verir. Xəstəxanada üç tibb elmləri doktoru və 25 tibb elmləri namizədi çalışır.
Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev xəstəxananın kollektivini yubiley münasibətilə təbrik edib və yeni uğurlar arzulayıb. Nazir vurğulayıb ki, son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına təkan verib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışan Oqtay Şirəliyev qeyd edib ki, müstəqillik illərində Mərkəzi Neftçilər Xəstəxanası ölkənin neft gəlirlərinin xalqa xidmət etməsinin ən parlaq nümunəsi oldu, o, dünya tibb sənayesinin ən yeni nailiyyəti olan müasir avadanlıq və cihazlarla təchiz edildi, buraya ən güclü, xaricdə təhsil almış mütəxəssislər cəlb olundu: “Bu gün Mərkəzi Neftçilər Xəstəxanası öz inkişafının yeni mərhələsini yaşayır və öz ad-sanını şərəflə qoruyur. Burada 60 ildə toplanan dəyərli təcrübə yenilikçiliklə, müasir texnologiyalarla ahəngdar şəkildə uzlaşır. Azərbaycan səhiyyəsində bir çox yeniliklər məhz bu klinikanın adı ilə bağlıdır”. Nazir ölkəmizdə kardiocərrahiyyə, transplantologiya və s. sahələrin inkişafında MNX-nın, onun yüksək ixtisaslı mütəxəssislərinin, hər bir əməkdaşının rolunu vurğulayıb.
Yubiley mərasimində Mərkəzi Neftçilər Xəstəxanasının bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı oxunub. O.Şirəliyev təltif olunan şəxslərə medalları təqdim edib. Bundan başqa, xəstəxananın bir sıra əməkdaşları “Səhiyyə əlaçısı” döş nişanına layiq görülüb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə neftçilərin sağlamlığının qorunmasında Mərkəzi Neftçilər Xəstəxanasının əhəmiyyətini vurğulayıb, öz xatirələrini bölüşüb və arzularını bildirib. Akademik MNX-nın bir sıra əməkdaşına SOCAR adından xatirə hədiyyələri təqdim edib.
Sonra Mərkəzi Neftçilər Xəstəxanasının tarixindən və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbir xəstəxananın aparıcı mütəxəssislərinin iştirak etdiyi elmi-praktik konfransla davam edib.
Xəbəri paylaş