Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib
Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günündə Səhiyyə Nazirliyinin rəhbərliyi, əməkdaşları, nazirliyin kollegiya üzvləri və tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarətçilər ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Anım günü münasibətilə Azərbaycan Tibb Universitetində (ATU) də professor-müəllim heyətinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. Onun Azərbaycan elminə və təhsilinə himayədarlıq etdiyini, səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərdiyini xatırladan rektor ölkəmizdə səhiyyənin inkişafı və tibb kadrlarının hazırlanmasının məhz ulu öndərin adı ilə bağlı olduğunu bildirib. G.Gəraybəyli ATU-nun stomatoloji və onkoloji klinikalarının ümummilli liderin böyük qayğısı sayəsində yaradıldığını xatırladıb, vurğulayıb ki, onun layiqli davamçısı olan Prezident İlham Əliyevin dəstəyi ilə universitetin çoxprofilli terapevtik və cərrahiyyə klinikaları inşa olunub, ən müasir avadanlıqla təchiz edilib və əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında qeyd edib ki, ölkəmizdə azərbaycançılıq ideologiyasının formalaşması, Azərbaycanın dinamik inkişafını təmin edən neft strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi sayəsində mümkün olub. Ümummilli liderin səhiyyənin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayan M.İbrahimqızı bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər müdrik rəhbərin siyasətinin nəticələridir.
Digər çıxış edənlər də böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin öz misilsiz xidmətləri ilə Azərbaycan tarixində buraxdığı izlərdən söz açıblar.