Travmatoloq və ortopedlərin II qurultayı keçirildi

Travmatoloq və ortopedlərin II qurultayı keçirildi

Bakıda Azərbaycan travmatoloq və ortopedlərinin II qurultayı və onunla birlikdə ölkəmizin bu sahədə ixtisaslaşmış, aparıcı elmi-praktik və təşkilati mərkəzi olan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tək Azərbaycan travmatoloq və ortopedlərinin toplaşdığı I qurultaydan fərqli olaraq, II qurultaya 30-dan artıq əcnəbi mütəxəssis, o cümlədən Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının baş travmatoloqları və travmatologiya-ortopediya institutlarının direktorları, Türkiyə, Rusiya, Almaniya və digər ölkələrin aparıcı mütəxəssisləri geniş heyətlə qatılıb və məruzələrlə çıxış ediblər. İki gün davam edən tədbirdə ölkənin Gəncə, Sumqayıt, Naxçıvan və digər regionlarında çalışan 300-dən artıq mütəxəssis iştirak edib. Qonaqların yeni texnologiyalar haqqında məruzələri azərbaycanlı mütəxəssislər üçün faydalı olub.
Qurultayın açılış mərasimində institutun təltif olunmuş əməkdaşlarına fəxri fərmanlar və “Səhiyyə əlaçısı” döş nişanları təqdim edilib.
Səhiyyə Nazirliyinin travmatologiya üzrə baş mütəxəssisi, ETTOİ-nun direktoru, professor Vaqif Verdiyev çıxış edərək, Azərbaycanda travmatologiya və ortopediyanın keçdiyi yoldan və bugünkü inkişafından, ETTOİ-nun dünəni və bu günündən danışıb. O qeyd edib ki, institutun yaradılmasının əsas məqsədlərindən biri Böyük Vətən müharibəsi əlillərinə ixtisaslaşdırılmış travmatoloji və ortopedik yardım göstərməkdən ibarət idi. 70 illik fəaliyyəti dövründə bu tibb müəssisəsi ölkəmizdə və bütövlükdə ortopediya və travmatologiya elminin inkişafına sanballı töhfələr verib. ETTOİ-nun direktoru 1951-1959-cu illərdə həmin vəzifəni tutmuş görkəmli ictimai-siyasi xadim, professor Əziz Əliyevin fəaliyyətindən, o dövrdə aktual problem olan müharibə əlillərinin müalicəsi və reabilitasiyası məsələləri üzrə səyyar elmi konfranslar keçirməsindən, İnstitutda odlu silah yaralarının cərrahi müalicəsinə və fəsadlarının aradan qaldırılmasına həsr olunmuş elmi tədqiqat işlərini təşkil etməsindən danışıb.
Nəsimi rayon icra hakimiyyətinin bacısı Asif Əsgərov öz çıxışında Azərbaycan Prezidentinin diqqəti və qayğısı sayəsində iqtisadiyyatda və sosial sahədə, o cümlədən ölkə səhiyyəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb. Dövlət başçısının təşəbbüsü ilə bu sahədə qəbul edilən qanunvericilik aktlarını, dövlət proqramlarını və digər vacib sənədləri xatırladan natiq həmçinin son vaxtlar səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, yeni tibbi texnologiyaların tətbiqinə, əsaslı kadr islahatlarına yönəlmiş tədbirlərdən danışıb.
Toplantıda çıxış edən xarici mütəxəssislər qurultay iştirakçılarına, azərbaycanlı həmkarlarına təbriklərini çatdırıblar.
Sonra İnstitutun 70 illik tarixini əks etdirən qısametrajlı film nümayiş etdirilib.
İki gün davam edən beynəlxalq elmi-praktiki konfransda ortopediya və travmatologiyanın aktual problemləri, travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, travmatologiya və ortopediyada innovasiya texnologiyaları (osteosintez, endoprotezləmə, artroskopiya və s.), dayaq-hərəkət sisteminin xəstəlikləri zamanı şüa diaqnostikası və başqa mövzulara aid məruzələr dinlənilib. “Qazaxıstan Respublikasında çanaq-bud oynağının endoprotezlənməsi” (N.Batpenov, K.Ostapov, Q.Caksıbelova – Qazaxıstan), “Çanaq-bud oynaqlarının posttravmatik deformasiyaedici osteoartrozu” (C.Cumabekov, B.Kalçayev – Qırğızıstan), “Çanaq-bud oynağının endoprotezlərində sürtünmə cütlüyünün rolu” (Folker Atsrodt – Almaniya), “Çanaq-bud oynağının endoprotezləməsindən sonra təftiş əməliyyatları” (M.Əzizov, V.Proxorenko, X.Şakirov – Özbəkistan), “Boyun diskektomiyası zamanı əlavə fiksəedici avadanlığın xarakteristikası və tətbiqi” (S.Etibarlı, İ.Qarayev, E.Novruzov – Azərbaycan) və s. məruzələr maraqla qarşılanıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova