Ümumdünya Diabet Günü

İnsan ömrünün qısalmasına səbəb olan şəkərli diabet xəstəliyinə diqqət cəlb etmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Diabet Federasiyasının (BDF) tövsiyələrinə əsasən, 1991-ci ildən noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur. İnsulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir eranın başlanğıcını qoymuş Nobel mükafatçısı, professor Frederik Bantinqin anadan olduğu həmin tarix BMT-nin Baş Məclisinin 2006-cı ildə qəbul etdiyi qətnaməyə əsasən BMT-nin rəsmi günü elan olunub.
Qlobal problem olan şəkərli diabet xəstəliyi ilə mübarizənin yollarını müzakirə etmək, görülən işlər haqqında ictimaiyyətə hesabat vermək, xəstəliklə bağlı maarifləndirmə işləri aparmaq məqsədi daşıyan Ümumdünya Diabet Günü ilə əlaqədar Azərbaycanda da, hər il olduğu kimi, müxtəlif tədbirlər keçirilib.
Diabet üzrə dövlət proqramına 40 milyon manat vəsait ayrılıb
“Hazırda dünyada 415 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Böyük sürətlə yayılan və ciddi sosial-tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edən bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. ÜST-nin proqnozlarına görə, 2040-cı ilədək diabet xəstələrinin sayı 642 milyona çata bilər”.
Bu barədə 14 Noyabr – Ümumdünya Diabet Gününə həsr olunmuş, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqası tərəfindən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən elmi-praktik konfransda məlumat verildi.
Tədbiri giriş sözü ilə açan Respublika Klinik Xəstəxanası baş həkiminin müavini Mahir Babayev dünyada hər 11 nəfərdən birinin şəkərli diabetlə xəstə olduğunu, böyük yaşlı belə xəstələrin 75 faizinin aşağı və orta gəlirli ölkələrdə yaşadıqlarını diqqətə çatdırdı. Bildirdi ki, qlobal səhiyyə xərclərinin 12 faizi şəkərli diabet xəstəliyinə xərclənir. O qeyd etdi ki, II tip şəkərli diabetin skrininqi xəstəliyin erkən arkarlanmasını, vaxtında tibbi müdaxiləni və fəsadların qarşısının alınmasını təmin edir: “Bu gün böyüklər arasında II tip şəkərli diabet xəstələrinin yarısı öz xəstəliyi haqqında məlumatsızdır və belə şəxslər, təəssüf ki, ağır fəsadlar əmələ gəldikdən sonra həkimə müraciət edirlər. Qeyd edim ki, diabetin göz, ürək-damar, böyrək, sinir sistemlərinə təsiri ağır problemlər yaradır. Nəticədə əmələ gələn korluq, infakt, insult, böyrək çatışmazlığı, ayaqlarda qanqrena və s. erkən əlilliyə və ölümə səbəb olur. Şəkərli diabet dünyada ölüm hallarının sayına görə 4-cü yeri tutur. Bu xəstəlik zamanı ancaq erkən diaqnoz və erkən müdaxilə, ilkin tibbi xidmətin düzgün təşkili problemin həllində mühüm rol oynayır”.
M.Babayev qeyd etdi ki, Azərbaycanda ilk dəfə 2014-cü ildə əhali arasında BDF-nin və Finlandiya Diabet Assosasiyasının tövsiyələrinə uyğun formatda skrininq aparılıb. “Erkən aşkarlanma və erkən müdaxilə sağlamlığın qarantıdır” adlı layihə zamanı 1028 nəfər müayinə edilib, onlardan 144 nəfərdə şəkərli diabet diaqnozu ilkin olaraq müəyyən olunub, 154 nəfərdə prediabet, yəni diabet önü vəziyyət, 391 nəfərdə bədən kütləsinin artıqlığı və metabolik pozuntu aşkarlanıb. Onlara Respublika Endokrinoloji Mərkəzi tərəfindən erkən tibbi xidmət göstərilib”.
Hazırda Azərbaycanda 212 577 nəfər şəkərli diabet xəstəsinin rəsmi qeydiyyatda olduğunu deyən natiq qeyd etdi ki, onlardan 28 924 nəfəri I tip, 183 653-ü isə II tip diabet xəstəsidir. M.Babayev ölkəmizdə şəkərli diabetlə mübarizə istiqamətində görülmüş işlərdən də danışdı. Bu il üçün dövlət büdcəsindən şəkərli diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat vəsait ayrıldığını bildirdi.
“Dünyada bu gün 500 mindən artıq uşaq I tip şəkərli diabet xəstəsidir. II tip şəkərli diabet xəstəliyinə əvvəllər əsasən 45-50 yaşlı insanlarda rast gəlinirdisə, indi bu xəstəlik bir yaşlı uşaqlarda da aşkarlanır”. Bunu konfransda çıxış edən Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek dedi. Onun sözlərinə görə, Azərbaycanda I tip diabet xəstələrinin 1 150-si uşaqlardır ki, onların da 99 faizi insulindən asılı formadadır. Bundan başqa, doğuşa qəbul edilən hər 7 hamilə qadından birində şəkərli diabet olur. B.Salek qeyd etdi ki, ancaq erkən diaqnoz və müdaxilə, ilkin tibbi xidmətin düzgün təşkili şəkərli diabet zamanı fəsadların qarşısını ala bilər. Göz və göz dibinin ildə iki dəfə müayinəsi mühüm əhəmiyyət kəsb edir.
Respublika Klinik Xəstəxanası baş həkiminin cərrahiyyə üzrə müavini Elmir Əsgərov isə hazırda dünyada 2 milyarda yaxın insanın çəkisinin normadan artıq olduğunu dedi, bunun həmin insanlarda bir çox xəstəliklərin, o cümlədən II tip şəkərli diabetin yaranmasına gətirib çıxardığını bildirdi. Onun sözlərinə görə, dünyada belə xəstələrə bariatrik və metabolik cərrahiyyə əməliyyatı tətbiq edilir. Azərbaycanda da belə əməliyyatlar icra olunur.
Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova isə bildirdi ki, düzgün qidalanma, aktiv həyat tərzi, zərərli vərdişlərdən imtina II tip şəkərli diabetlə xəstələnmənin qarşısını 70 faizə qədər alır, bu isə 160 milyona qədər insan deməkdir.
Sonra tədbirdə “Diabet və onun fəsadları” mövzusu ətrafında məruzələr edildi.
“Diabetin başlıca səbəbi stressdir”
Bakı Sağlamlıq Mərkəzində də Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirilib. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Hikmət Həsənov açaraq, bu günün əhəmiyyətindən, xəstəliyin insan orqanizminə vurduğu zərərlərdən danışıb.
Konfransda çıxış edən Səhiyyə Nazirliyinin endokrinologiya üzrə baş mütəxəssisi, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov Azərbaycanda endokrinologiyanın inkişaf tarixindən söz açıb, ölkəmizdə diabetlə bağlı problemlərə böyük diqqət yetirildiyini qeyd edib: “MDB ölkələri arasında ilk olaraq Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atılıb, bu sahədə qanun və dövlət proqramları qəbul edilib. 2006-cı ildən etibarən proqramın icrası üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Əvvəlki illərlə müqayisədə, indi bu vəsaitin həcmi xeyli artırılıb. Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarı ilə “2015-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Tədbirlər Proqramı” təsdiq edilib”.
R.Məmmədhəsənov diqqətə çatdırıb ki, ÜST 2000-ci ildə dünya üzrə 171 milyon şəkərli diabet xəstəsinin qeydə alındığını, 2020-ci ildə bu rəqəmin 2 dəfə artacağını bildirmişdi: “Ancaq bugünkü statistik rəqəmlər göstərir ki, dünyada diabet xəstələrinin sayı gözlənildiyindən daha çoxdur. Bu da o deməkdir ki, endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən olan şəkərli diabetlə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir”. Baş endokrinoloq Azərbaycanda da şəkərli diabet xəstələrinin sayının artdığını vurğulayıb, bu artımın həm də ölkəmizdə müalicə-diaqnostika işinin yaxşılaşdırılması nəticəsində belə xəstələrin daha çox aşkarlanması və qeydiyyata alınması ilə bağlı olduğunu deyib. Şəkərli diabetin ən başlıca yaranma səbəbinin stress olduğunu bildirən millət vəkili xəstəliyin qarşısının alınmasında profilaktik tədbirləri gücləndirməyin vacibliyini qeyd edib.
Daha sonra Bakı Sağlamlıq Mərkəzinin Endokrinologiya şöbəsinin illik hesabatı, şəkərli diabetin klinik protokolları, diabetli xəstələrin müalicəsində müasir yanaşmalar barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
“Diabeti gözdən qoymayaq”
Azərbaycan Diabet Cəmiyyəti bu şüar altında Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirib.
Toplantıda cəmiyyətin sədri Möminat Ömərova, Beynəlxalq Diabet Federasiyasının üzvü, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadə və başqaları Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində atılan addımlardan, görülmüş və planlaşdırılan işlərdən, xəstəliyin fəsadlarının profilaktikası üçün lazım olan tədbirlərdən danışıblar.
“ASAN xidmət”də maarifləndirmə tədbiri
Ümumdünya Diabet Günü münasibətilə ilə Respublika Diaqnostika Mərkəzi (RDM) 5 saylı Bakı “ASAN xidmət” mərkəzində maarifləndirmə tədbiri keçirib. Toplantıda “ASAN xidmət” mərkəzinin idarəetmə heyətinə şəkərli diabet xəstəliyi, onun fəsadları barədə məlumat verilib, xəstəliyin profilaktikası, onunla mübarizə yollarından danışılıb. Maraqlı müzakirəyə səbəb olan təqdimatın sonunda RDM-in həkim-endokrinoloqu Xəyyam Eyvazov dinləyicilərə tövsiyələr verib.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş