2 nömrəli Bakı Baza Tibb Kolleci yüksək ixtisaslı orta tibb personalı hazırlayır

Dövlət orta ixtisas tibb təhsili müəssisəsi olan 2 nömrəli Bakı Baza Tibb Kolleci 1975-ci ildən fəaliyyət göstərir və təsisçisi Səhiyyə Nazirliyidir. Burada 7 ixtisas üzrə (mamalıq, feldşer, tibb bacısı, diş texniki, sanitar-feldşer, feldşer-laborant və əczaçı) orta tibb kadrları hazırlığı və təkmilləşməsi həyata keçirilir. Kollec Təhsil Nazirliyi tərəfindən 2013-cü ildə akkreditasiya olunub, bununla onun statusu, mütəxəssis hazırlığının dövlət təhsil standartlarının tələblərinə uyğunluğu və məzunlarına ayrı-ayrı istiqamətlər üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququ təsdiq edilib.
Bu barədə 2 nömrəli Bakı Baza Tibb Kollecinin fəaliyyətinə həsr olunmuş tədbirdə təhsil ocağının rəhbəri Dilarə Məmmədəliyeva məlumat verib.
Toplantıda bildirilib ki, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş bir sıra proqram, konsepsiya və əsasnamələrə əsasən, kollecdə təhsilin məzmununa, müəllim hazırlığına və tələbələrin qiymətləndirilmə sisteminə yenidən baxılıb və bir sıra yeniliklər tətbiq edilib. Tibb təhsili müəssisəsinin müəllimləri son üç ildə tələbələr üçün 9 dərs vəsaiti hazırlayıblar. Burada təhsil kredit sistemi ilə aparılır. Tədris planlarının şəffaflığını təmin edən bu sistem həm də təhsil proqramlarının ölkədə və xaricdə tanınmasına imkan verir, tələbələrə digər təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır.
Qeyd olunub ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə Münaqişə komissiyası və “Qaynar xətt” xidməti təşkil olunub. Kollecdə 2015-2016-cı tədris ilində 8 280 dinləyici ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak edib.
Xəbəri paylaş