Regionlara media-tur təşkil olundu

Səhiyyədə aparılan islahatların əsas məqsədi Azərbaycanın hər yerində vətəndaşları bütün lazımi növ tibbi xidmətlərlə yüksək səviyyədə təmin etməkdir. Dövlətin diqqəti və qayğısı sayəsində ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən səhiyyə müəssisələrinin siması daim yenilənir, tibbi yardımın səviyyəsini yüksəltmək məqsədi ilə tibb müəssisələri müasir avadanlıqlarla təchiz edilir, kadrların ixtisas səviyyəsi artırılır. Nəticədə, sakinlər birbaşa yaşadığı ərazidə tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin edilir, müayinə və müalicə olunur, bu xidmətlər üçün paytaxta gəlmək zərurəti ilə üzləşmirlər.
Regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrində yenidənqurma işləri ilə geniş ictimaiyyəti tanış etmək məqsədi ilə Səhiyyə Nazirliyi KİV nümayəndələrinin iştirakı ilə müxtəlif bölgələrə media-turlar təşkil edir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə səfər zamanı jurnalistlər Lənkəran Müalicə Diaqnostika Mərkəzində (MDM), Lerik və Astara Mərkəzi Rayon Xəstəxanalarında (MRX) olublar.
Tədbir çərçivəsində Lənkəran Müalicə Diaqnostika Mərkəzi ilə tanış olan KİV nümayəndələrinə baş həkim Malik Məmmədov bildirib ki, Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən müəssisə ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Mərkəzin stasionar və poliklinik şöbələrində əhaliyə dializ, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika və digər tibbi xidmətlər göstərilir. Bu gün Lənkəran MDM-də müayinə və müalicə ilə yanaşı, müxtəlif əməliyyatlar, o cümlədən açıq ürək əməliyyatları da icra olunur.
Tədbir zamanı Lənkəran MDM-də Respublika Diaqnostika Mərkəzinin (RDM) ezam olunmuş geniş tərkibli həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparılıb. RDM-in intervensional radiologiya və şüa diaqnostikası, ginekologiya, pediatriya, travmatologiya-ortopediya, oftalmologiya, kardiologiya, neyrocərrahiyyə, qastroenterologiya, kardiocərrahiyyə, LOR şöbələrinin aparıcı mütəxəssislərinin iştirak etdiyi bu aksiya barədə KİV nümayəndələrinə məlumat verən Mərkəzin baş həkimi Rauf Ağayev qeyd edib ki, bu səhiyyə ocağı bölgələrdə əhalinin müalicə və müayinəsi işinə töhfə vermək məqsədi ilə mütəmadi olaraq regionlarda əhaliyə tibbi xidmət aksiyaları keçirir. RDM-in həkimləri tərəfindən müraciət edən əhalinin müayinəsi aparılır, ehtiyacı olan xəstələrə cərrahi əməliyyatlar edilir.
Səfər zamanı Lerik MRX-da olan jurnalistlərə baş həkim Mübariz Ağayev məlumat verib ki, əhaliyə nümunəvi səhiyyə xidmətləri üçün xəstəxanada hər cür şərait yaradılıb. 90 çarpayılıq tibb ocağının poliklinika, terapiya, cərrahiyyə, doğum və digər şöbələrində 82 minə yaxın əhaliyə yüksək səviyyədə ambulator və stasionar tibbi yardım göstərilir.
Tur çərçivəsində Astara MRX-ya baş çəkən media nümayəndələrinə baş həkim Əlövsət Əliyev bildirib ki, Astara rayonunda əhaliyə tibbi xidmətin ən müasir tələblər səviyyəsində təşkilinə nail olmaq üçün zəruri addımlar atılıb, Astara MRX müasir tibbi avadanlıqlarla və zəruri ixtisaslı kadrlarla təmin olunub. Artıq bir neçə ildir ki, səhiyyə ocağının həkim və tibb işçilərindən ibarət səyyar briqadalar rayonun ən ucqar dağ kəndlərində yerli əhalinin yüksək səviyyədə tibbi müayinə və müalicəsini aparır. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə MRX-da ilk dəfə böyrəkköçürmə əməliyyatı aparılıb və uğurla nəticələnib. Azərbaycanın tanınmış, yüksək ixtisaslı tibb mütəxəssislərinin rayona dəvət edilməsi və yerli əhalinin tibbi müayinə və müalicəsində iştirakı gözəl ənənəyə çevrilib.
Xəbəri paylaş