Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında ilk qanvermə aksiyası

Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyi və Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk dəfə olaraq könüllü qanvermə aksiyası keçirilib.
Aksiyada Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəhbəri Aqil Məmmədov başda olmaqla, icra aparatının işçiləri, rayonun təhsil, mədəniyyət şöbə və müəssisələrinin, “Kəlbəcər harayı” qəzetinin, Kəlbəcər MRX-nın əməkdaşları iştirak ediblər.
Kəlbəcər MRX-nın baş həkimi Mehparə Kazımovanın verdiyi məlumata görə, qanvermə aksiyasında ümumilikdə 36 nəfər iştirak edib: “Aksiya “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə” Dövlət Proqramına uyğun olaraq həyata keçirilib. Tədarük olunan qan nümunələri Mərkəzi Qan Bankına göndərilib. Nümunələr orada yoxlanıldıqdan sonra talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımızın müalicəsində istifadə olunacaq”.
M.Kazımova sonda bu humanist tədbirdə aktiv iştirak edən şəxslərə dərin təşəkkürünü bildirib.


Xəbəri paylaş