Serebrovaskulyar çatışmazlığın diaqnostikası və endovaskulyar müalicəsi

Respublika Diaqnostika Mərkəzində (RDM) "Serebrovaskulyar çatışmazlığın diaqnostikası və endovaskulyar müalicəsində radiologiyanın rolu" mövzusunda seminar keçirilib.
Endovaskulyar cərrah, diaqnostik və invaziv radioloq, professor Əhməd Məmişin moderatorluğu ilə keçən seminarda bildirilib ki, kəskin işemik insult olan xəstəyə müvafiq müalicə nə qədər tez tətbiq olunarsa, nəticə də o qədər qənaətbəxş olar.
Seminarda son illər radiologiyanın inkişafı sayəsində bu sahədə baş vermiş dəyişikliklər barədə məlumat verilib. Vurğulanıb ki, bir çox intervension neyroradioloji əməliyyatların həyata keçirilməsi tam klinik (neyrocərrahi, nevroloji) və reanimatoloji dəstəyin olduğu şəraitdə mümkündür. Tədbirdə həmçinin intervension neyroradiologiyanın fəaliyyət sahəsinə daxil olan serebrovaskulyar xəstəliklərin endovaskulyar üsulla müalicə strategiyalarına nəzər yetirilib, intervension neyroradiologiyanın inkişafındakı ən əhəmiyyətli və cəlbedici mərhələ olan intrakranial anevrizmaların endovaskulyar üsulla müalicəsindən bəhs edilib. O cümlədən serebrovaskulyar xəstəliklər içərisində kompleks patofiziologiyaya sahib olan arteriovenoz malformasiya və fistulaların müalicəsi, həmçinin kəskin serebrovaskulyar insultda trombolitik müalicə barədə məlumat verilib.
Seminarda nevropatoloqlar, invaziv radioloqlar, neyrocərrahlar, reanimatoloqlar və şüa diaqnostikası sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Xəbəri paylaş