Kliniki Tibbi Mərkəz 9 ayın hesabatını verdi

Bu ilin yanvar-sentyabr ayları ərzində Kliniki Tibbi Mərkəzdə (KTM) 18 686 xəstə stasionar müalicə alıb.
Bu barədə səhiyyə ocağının 9 aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə məlumat verilib.
Mərkəzin rəhbəri professor Ədalət Dadaşov bildirib ki, hesabat dövründə KTM-in 19 minə yaxın pasiyentinin 5 650 nəfəri cərrahiyyə şöbələrinə daxil olub, 3580 xəstədə cərrahiyyə əməliyyatı aparılıb: “Bu müddətdə Mərkəzin terapevtik şöbələrində 9 829 xəstə stasionar müalicə alıb. Xəstəxanaya müxtəlif yoluxucu xəstəliklərlə bağlı 3 710 nəfər daxil olub. Mama-ginekoloji profilli şöbələrə 3207 pasiyent müraciət edib, 1 685 doğuş olub. Eyni zamanda, həmin dövrdə 196 xəstə Mərkəzin hemodializ şöbəsində dializ seansları qəbul edib. Ümumilikdə, bir il ərzində KTM-ə təxminən 70-80 min insan müraciət edir ki, bu da əvvəlki illərlə müqayisədə azdır”.
Ə.Dadaşovun sözlərinə görə, 760 çarpayılıq mərkəzdə 17 profil üzrə 27 stasionar və bir neçə yardımçı şöbə fəaliyyət göstərir. Burada 2000-ə yaxın həkim, orta və kiçik tibbi personal çalışır.
Tədbirdə, eyni zamanda, bildirilib ki, səhiyyə sahəsində həyata keçirilən köklü islahatların əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, kadrların ixtisas səviyyəsinin daha da artırılmasıdır. Digər səhiyyə ocaqlarında olduğu kimi, paytaxtın aparıcı səhiyyə müəssisələrindən biri olan KTM-də də bununla bağlı zəruri tədbirlər həyata keçirilir.
Xəbəri paylaş