İcbari tibbi sığorta ilə bağlı səyyar kurslar təşkil olunub

Səhiyyə Nazirliyinin göstərişi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqi ilə bağlı yerli mütəxəssislər üçün üçhəftəlik səyyar kurslar təşkil edib.
ADHTİ-nin Ailə təbabəti kafedrasının keçirdiyi təlimlərə digər kafedralardan da əməkdaşlar cəlb olunub. Proqrama uyğun olaraq onlar icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçilən bölgələrdə mühazirələr oxuyur, praktiki məşgələlər aparırlar. Təlimin sonunda imtahandan müvəffəqiyyətlə keçmiş dinləyicilərə müvafiq sertifikatlar veriləcək.
Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığortaya hazırlıq işləri çərçivəsində Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihənin tətbiqi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirmək məqsədi daşıyır.
Xəbəri paylaş