Tibb elmi üzrə strategiya hazırlanacaq

Səhiyyə Nazirliyinin Elmi Şurası ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tibb üzrə Əlaqələndirmə Şurasının birgə toplantısı keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında baş tutan toplantıda “Azərbaycan elmi – 2030: yol xəritəsi”, elektron səhiyyə üzrə işçi qrupunun yaradılması, elmi hesabatların forması, elmi tədqiqatların qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov məlumat verib ki, bu günlərdə Prezident Administrasiyasında, Elmlər Akademiyasında 2030-cu ilədək dövrdə Azərbaycan elminin əsas prioritetləri və istiqamətlərinin müəyyənləşdirilməsi barədə qərar qəbul olunub. N.Bayramov bildirib ki, digər bütün elm sahələri üzrə olduğu kimi, tibb elmi üzrə də elmi strategiya hazırlanıb təqdim edilməlidir: “Daha sonra bu strategiya Akademiyada və Nazirlər Kabinetində müzakirə olunacaq, Prezident Administrasiyasında təsdiq ediləcək və 2030-cu ilə qədərki strategiyamız bunun üzərində qurulacaq".
Toplantı iştirakçıları tibb elminin prioritet istiqamətləri, qarşıda duran hədəflər, qeyri-infeksion xəstəliklər və gündəlikdə olan müəyyən məsələlərlə bağlı öz fikirlərini səsləndiriblər.
Xəbəri paylaş