Uşaq poliklinikalarında psixi sağlamlıq bölmələri yaradılıb

Psixi sağlamlıq xidmətlərini əhali üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın regionlarında yerləşən uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri təşkil edilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu iş səhiyyə naziri Oqtay Şirəliyevin 17 may 2016-cı il tarixli “Respublikanın regionlarında uşaq psixi sağlamlıq xidmətinin təkmilləşdirilməsi barədə” əmrinə əsasən həyata keçirilir.
Artıq Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Quba və Şirvanda yerləşən uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb.
Hazırda psixi sağlamlıq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, yeni müalicə və reabilitasiya üsullarının tətbiqi istiqamətində bir sıra tədbirlər görülür. Belə ki, müxtəlif ixtisaslı mütəxəssislər, o cümlədən həkim-psixiatrlar, psixoloqlar, loqopedlər, müalicəvi bədən tərbiyəsi və əmək terapiyası üzrə təlimatçılar təlimlərə cəlb olunublar.
Təlim iştirakçıları müstəqil fəaliyyət göstərmək, müasir və effektli reabilitasiya tədbirlərini həyata keçirmək, psixoloji müdaxilələrə ehtiyacı olan uşaqlara yardım etmək, onların ailələri ilə işləmək kimi qabiliyyətlərə yiyələnirlər.
Xəbəri paylaş