Nikahdan öncə müayinələrdə 749 nəfərdə sifilis, 133 nəfərdə İİV aşkar olunub

Ölkəmizdə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq edildiyi vaxtdan, yəni 2015-ci il iyunun 1-dən bu ilin sentyabr ayının sonuna qədər tibbi müayinələrdən 197 554 nəfər keçib. Yalnız sentyabr ayı ərzində 10 990 nəfər ailə qurmağa hazırlaşan şəxs müayinə olunub.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, müayinədən keçən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən edilib. Bununla belə, indiyədək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif infeksiyalar, o cümlədən 749 nəfərdə sifilis, 133 nəfərdə isə İİV aşkar olunub. Həmçinin 9 131 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.
Qeyd edək ki, nikaha daxil olmaq istəyən vətəndaşların mütləq qaydada tibbi müayinəsi “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar olaraq ötən il iyunun 1-dən həyata keçirilir. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə aparılır.
Xəbəri paylaş