Ölkəmizdə qripə qarşı profilaktik tədbirlər gücləndirilir

Payız-qış ayları qrip və kəskin respirator xəstəliklərin artdığı, bəzən hətta epidemiya kimi yayıldığı mövsümdür. Azərbaycanın bu il belə problemlərlə üzləşməməsi üçün səhiyyə naziri Oqtay Şirəliyev bu xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənəd 2016-2017-ci illərin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi daşıyır.
Əmrdə Səhiyyə Nazirliyinin müvafiq tibb idarə və müəssisələrinin rəhbərlərinə məktəb və məktəbəqədər uşaq müəssisələrində, ali və orta təhsil müəssisələrində tibbi müşahidələri təşkil etmək, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayırmaq tapşırılır. Sənəddə həmçinin lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadəsinin təmin olunması, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatları ehtiyatının yaradılması kimi məsələlər də öz əksini tapıb.
Həmçinin Azərbaycanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tapşırılır ki, tədris və tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarəti gücləndirsinlər. Məktəbəqədər uşaq müəssisələrində, məktəblərdə tibbi müşahidə aparılsın və qrip simptomları olan uşaqlar aşkarlandıqda dərhal sağlam uşaqlardan təcrid edilsinlər.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyinə ağır formalı qrip xəstələrinin hospitalizasiyası üçün mənfi təzyiqli boksların tam hazır vəziyyətə gətirilməsi, dərman vasitələri, tibbi ləvazimat və inventarla təchizata dair göstərişlər verilib.
Xəbəri paylaş