Dağıstan Tibb Akademiyası ilə əməkdaşlıq əlaqələri qurulur

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Dağıstan Dövlət Tibb Akademiyası (DDTA) Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Bu münasibətlər ölkəmizdə ali və diplomdansonrakı tibb təhsili üçün də faydalı ola bilər.
Bu günlərdə Bakıda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə DDTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Ə.Əliyev adına ADHTİ-nun rektoru, professor Nazim Qasımov və DDTA-nın rektoru, professor Süleyman Mammayev imzalayıblar.
Bu məqsədlə keçirilən mərasimdə professor N.Qasımov dağıstanlı həmkarlarına institutun tarixindən, onun adını daşıdığı professor Əziz Əliyevin Dağıstanda fəaliyyətindən, xalqlarımız arasındakı əlaqələrin inkişafında rolundan söz açıb. İmzalanan müqaviləni həmin ənənələrin davamı kimi qiymətləndirib. Həm Azərbaycan, həm də digər ölkələrdən olan həkim və əczaçıların təkmilləşməsi və ixtisasartırması istiqamətində ADHTİ-nin gördüyü işlərdən danışan rektor bildirib ki, institutda müasir tələblərə cavab verən şərait, ən yüksək səviyyəli elektron cihaz və avadanlıqlarla təminat, tədrisdə qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sayəsində burada distant təhsil inkişaf edir, praktik həkimlərin peşə vərdişlərinə yiyələnməsini, müasir endoskopik, mini-invaziv laparoskopik cərrahi metodların mənimsənilməsini təmin etmək məqsədilə simulyasiya mərkəzi yaradılıb, tədris prosesinə yüksək ixtisaslı əcnəbi mütəxəssislər cəlb edilir. İnstitutda həkim-müdavimlərin biliklərinin elektron-test sistemi ilə qiymətləndirilməsi DDTA rəhbərliyinin böyük marağına səbəb olub.
Müqavilədə klinik və profilaktik təbabət, səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, onların nəticələri əsasında, həmçinin tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsinə dair konfrans və seminarların keçirilməsi, tədris prosesinə və səhiyyə praktikasına tədrisin, diaqnostikanın, profilaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası, eləcə də ali tibb mütəxəssislərinin davamlı professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur.
DDTA-nın rektoru, professor S.Mammayev öz çıxışında məlumat verib ki, Akademiyada tədris prosesində yüksək texnoloji avadanlığın, müasir trenajorların və multimedia sistemlərinin istifadəsi yüksək nəticələr əldə etməyə imkan verir. Burada tədris prosesi ilə yanaşı, tibbi və bioloji elmlər sahəsində yeni biliklərin əldə edilməsi, perspektiv tibbi texnologiyaların işlənməsi və hazırlanmasına yönəlmiş kompleks fundamental və tətbiqi elmi tədqiqatlar da aparılır, yüksək ixtisaslı elmi kadrlar hazırlanır, praktik səhiyyəyə qabaqcıl müalicə, diaqnostika və profilaktika üsulları aktiv tətbiq edilir.
İmzalanma mərasiminin sonunda ali tibb kadrlarının hazırlığı ilə məşğul olan hər iki qabaqcıl təhsil müəssisəsi arasında əməkdaşlığın davamlı olacağına əminlik ifadə edilib.
Dağıstan Dövlət Tibb Akademiyasının nümayəndə heyəti əməkdaşlığa dair digər bir müqaviləni Azərbaycan Tibb Universiteti (ATU) ilə imzalayıb.
Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi tədris müəssisəsinin beynəlxalq əlaqələrindən söz açıb, bir çox ali təhsil müəssisələri ilə, o cümlədən, təkcə Türkiyənin 16 universiteti ilə əməkdaşlığa dair qarşılıqlı müqavilələrin imzalandığını deyib. Qeyd edib ki, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, fərqli təhsil sistemləri ilə tanışlıq və yeniliklərin tətbiqi nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. ATU-da tədris sistemində aparılan islahatlardan danışan rektor universitetdə ikipilləli təhsil sisteminin tətbiq olunduğunu söyləyib. O, beynəlxalq münasibətlər zamanı dil amilinin roluna toxunub, həm dil, həm də məsafə baxımından DDTA ilə əməkdaşlığın üstünlüyünü, daha rahat olacağını qeyd edib.
DDTA-nın rektoru, professor Süleyman Mammayev son illər Azərbaycanda hər sahədə müsbət dəyişikliklər baş verdiyini, islahatların özünü təhsil və səhiyyə sistemində də göstərdiyini bildirib. Rəhbərlik etdiyi müəssisə haqqında məlumat verən rektor ATU-nun klinikalarını, əsasən də Anatomiya Muzeyini bəyəndiklərini qeyd edib, qarşılıqlı tələbə mübadiləsindən yararlanmaq istədiklərini deyib.
Xəbəri paylaş