Bakıda V Beynəlxalq Humanitar Forum keçirildi

Bakıda V Beynəlxalq Humanitar Forum keçirildi

“Dəyirmi masa”da müasir tibbin aktual məsələləri müzakirə olundu

Azərbaycan paytaxtında keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təşkil edilən “dəyirmi masa”lardan biri, ənənəvi olaraq, təbabətin aktual problemlərinə həsr olunmuşdu. Forum iştirakçıları “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusu ətrafında müzakirələr aparıblar. V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən 13 Nobel mükafatı laureatının beşi bu toplantıya qatılıb.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialının təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da filialın rektoru, professor Əziz Əliyev çıxış edərək, universitetin fəaliyyəti haqqında məlumat verib, ölkəmizdə səhiyyə sahəsində əldə edilmiş nailiyyətlərə görə tibb ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Sonra İ.M.Seçenov adına BMDTU-nun rektoru, professor Pyotr Qlıboçkonun tədbir iştirakçılarına məktubu oxunub.
“Dəyirmi masa” çərçivəsində keçirilən üç sessiyada “Müasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri”, “Molekulyar biologiya, biofizika və biotexnologiyanın müasir dövrdə innovasiya və etik problemləri” və “Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri” mövzularında müzakirələr aparılıb.
“Dəyirmi masa”nın “Müasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri” mövzusunda sessiyasında çıxış edən kimya üzrə Nobel mükafatı laureatı Arye Varşel bioloji sistemlərdən və onların tibb elminə töhfəsindən danışıb, təqdimat əsasında problemin mahiyyətini diqqətə çatdırıb.
Bakıya ikinci dəfə səfər etdiyini deyən ABŞ-ın İllinoys Universitetinin Oftalmologiya və vizual elmlər kafedrasının müdiri, professor Mark Rozenblat ölkəmizdə olmaqdan, burada Nobel mükafatçıları ilə səmərəli müzakirələrin aparılmasından məmnunluq duyğunu söyləyib. Təhsil sistemindəki problemlərdən, texnologiyanın bu sahədə yaratdığı stresslərdən danışan qonaq müasir cəmiyyətdə, o cümlədən biotəbabətdə internetin böyük rolunu, tibb sahəsində nəşr olunan məqalələrin, jurnalların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıb.
“Proton Partners International” şirkətinin təsisçisi və tibb direktoru, Bukingem Universitetinin Tibb Məktəbinin dekanı Karol Sikora bu gün texnologiya sayəsində bütün biliklərin sürətlə yayıldığını bildirib, onkologiya sahəsində problemlərdən, gələcəkdə ortaya çıxacaq çətinliklərdən danışıb.
Hindistan Səhiyyə Şurasının üzvü Müzəffər Əhməd ölkəsində səhiyyənin vəziyyəti barədə məlumat verib, səhiyyə və tibb təhsili sahəsində problemləri və çatışmazlıqları diqqətə çatdırıb.
“Dəyirmi masa”nın “Molekulyar biologiya, biofizika və biotexnologiyanın müasir dövrdə innovasiya və etik problemləri” mövzusunda keçirilən sessiyasında kimya üzrə Nobel mükafatı laureatı Avram Herşko protein sintezi, amin turşuları, proteinlərin hüceyrələrdə hərəkəti ilə bağlı təqdimatla çıxış edib.
Kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat isə proteinlərin genetik kodla bağlılığını faktlar əsasında izah edib. O, proteinlərin dərmanlarla reaksiyasından, strukturunu dəyişən antibiotiklərin hazırlanmasının vacibliyindən söhbət açıb.
Peyvəndlərin potensialından və əhəmiyyətindən danışan fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rolf Martin Tsinkernagel bildirib ki, əhalini qorumaq üçün peyvəndlərə ehtiyac var. O bu gün çox yayılmış Zika və Ebola viruslarına qarşı peyvəndlərin önəmini xüsusi qeyd edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov molekulyar biologiyanın və biotexnologiyanın bioetik məsələlərinə toxunub, təbabətdə müasir texnologiyaların tətbiqi nəticəsində meydana çıxmış bioetik problemlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, 1999-cu ildə ölkəmizdə UNESCO yanında Bioetika, elmi biliklərin və texnologiyaların etikası üzrə Milli Komitə yaradılıb. Qeyd edib ki, Milli Məclisdə tibb sahəsində qanunların qəbulunda bioetik və hüquqi tərəflər nəzərə alınır.
Son illər yeni texnologiyalar sayəsində ana bətnində döldə olan patologiyaların aşkara çıxarılmasından danışan Ə.Əmiraslanov bunun bioetik və hüquqi cəhətdən bir çox problemlər yaratdığını söyləyib. Donor və surroqat ana məsələlərinə də toxunan natiq bir çox ölkələrdə bunun qadağan edildiyini, bu məsələlərin də hüquq və bioetika müstəvisində həllinin tələb olunduğunu deyib. O, ölkəmizdə orqan transplantasiyasına qoyulan şərtlər barədə məlumat verib, qeyd edib ki, bəzi əməliyyatlar texniki cəhətdən hazır olsa da, məsələnin hüquqi və bioetik tərəfi həll olunmayıb. Molekulyar biologiyanın ən böyük uğuru olan orqan toxumalarının klonlaşdırılmasının heyvanlarda artıq həyata keçirildiyini xatırladan Milli Məclisin komitə sədri bildirib ki, insan orqanlarının klonlaşdırılmasına nail olunarsa, orqan transplantasiyasının donor problemi həll edilər. Bununla belə, klonlaşdırmanın bir çox ölkələrdə qadağan olunduğunu söyləyən Ə.Əmiraslanov bunun da əsas səbəbini məsələnin hüquqi və bioetik tərəfi ilə izah edib.
Texas Universitetinin professoru Banu Arun molekulyar genetik test barədə çıxış edərək bildirib ki, bunun vasitəsilə toxumalarda olan xəstəliklərin qarşısı alına bilər. O, əvvəlki vaxtlara nisbətən artıq bu testlərin qiymətinin ucuzlaşdığını söyləyərək deyib ki, genetik test sahəsində sürətli nəticələrə nail olunub.
ABŞ-ın Veyl Kornel Tibb Kollecinin professoru Madelon Lubin Finkel “dəyirmi masa”da müzakirə olunan məsələlər və səsləndirilən fikirlərə nəzər salaraq, uşaq və ana ölümləri probleminə toxunub.
“Dəyirmi masa”nın üçüncü plenar ıclası “Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri” mövzusuna həsr edilib.
Kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover çıxışında qeyd edib ki, müasir tibbin uğurları insan ömrünü uzatmağa nail olub. Dərmanlar haqqında danışan alim bildirib ki, tibbin inqilabı dərmanların icad edilməsi ilə başlayıb.
Texas Universiteti MD Anderson Xərçəng Mərkəzinin layihə rəhbəri Karen Virciniya Frensis kliniki sınaqlardakı çətinliklərlə bağlı məlumat verib. O, MD Anderson Xərçəng Mərkəzinin fəaliyyəti haqqında danışaraq, həyata keçirdikləri layihələrdən söhbət açıb, tədqiqatlarının statistik göstəricilərini diqqətə çatdırıb.
Rusiya Federasiyasının “Operations CISPRA Health Sciences” təşkilatının icraçı direktoru Arsen Kubatayev bildirib ki, beynəlxalq əməkdaşlıqda əsas yeri universitetlər və tibbi klinikalar arasındakı əməkdaşlıq tutur. A.Kubatayev təmsil etdiyi qurumun son dövrlər geniş beynəlxalq fəaliyyəti, əməkdaşlıq etdikləri şirkətlər, getdikcə sayı artan kliniki tədqiqatları haqqında, onların regionda potensialı barədə danışıb.
Tibb elmləri doktoru, Azərbaycanın fəxri professoru Yevgeni Gelfqat tibb elmi, təhsil, sağlamlığın qorunması sahəsində beynəlxalq əməkdaşlıq barədə təqdimatla çıxış edib. O vurğulayıb ki, beynəlxalq əməkdaşlıq səhiyyənin və tibb elminin səviyyəsini qaldırmaq üçün əsas vasitələrdən biridir. Xəstəliklərin diaqnostika və müalicəsində sığorta şirkətlərinin maliyyə imkanlarının rolunu qeyd edən natiq bildirib ki, təbabətin inkişafı üçün müasir texnologiyalara və tədqiqatlara azadlıq vermək lazımdır.
Mövzular ətrafında çıxışlardan sonra V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi səsə qoyularaq qəbul edilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova