22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçirilib

Bakı Ekspo Mərkəzində Səhiyyə Nazirliyinin dəstəyi, “İteca Caspian” və “İTE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (“BIHE-2016”) keçirilib. Sentyabrın 19-dan 21-dək olan sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək ölkəmizdə səhiyyə sahəsində əldə olunmuş uğurlardan danışıb. Qeyd edib ki, sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycan səhiyyəsində inkişafın, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur. Onun sözlərinə görə, 22-ci dəfə keçirilən beynəlxalq səhiyyə sərgisi Azərbaycanın daim artan iqtisadi qüdrətinin bariz nümunəsidir.
Nazir müavini bu il sərgidə 20 ölkədən 121 şirkətin iştirak etdiyini, onların arasında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrin təmsilçilərinin olduğunu deyib. Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən yerli tibbi avadanlıq distribüterlərinin də iştirak etdiyini vurğulayıb.
Tədbirdə Belarus səhiyyə nazirinin müavini Valeriy Şevçuk, Azərbaycan Stomatoloji Assosiasiyasının sədri Rəna Əliyeva, sərgilər direktoru (TÜRSAB) Sevinc Özkan Divrikli, “İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov çıxış edərək sərginin işinə uğurlar arzulayıblar. Çıxışlarda belə böyük tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə olunub.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Azərbaycan Stomatoloji Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da təşkilati dəstək göstərdiyi sərgi 3 gün davam edib.
“BIHE-2016” sərgisində tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olunub. Builki sərginin fərqləndirici cəhətlərindən biri farmakologiya sektorunun inkişaf etməsidir. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyaları, eləcə də dərman zavodlarının istifadəyə hazır şəkildə tikintisini təqdim ediblər. Xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizm” sektoru da maraq doğurub. Bu klinika və şirkətlər arasında Belarus, Almaniya, Latviya, Türkiyə və Çexiyanın klinika, sanatoriya və müalicə ocaqları yer alıb. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.
“BIHE-2016” sərgisi ilə paralel daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq stomatologiya sərgisi (“Stomatology Azerbaijan-2016”) və 10-cu Yubiley Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgisi (“Beauty Azerbaijan-2016”) keçirilib.
Beynəlxalq stomatologiya sərgisi tibbi məhsul və xidmət bazarında əldə edilmiş nailiyyətlərin nümayiş olunduğu regionun yeganə ixtisaslaşdırılmış tədbiridir. Stomatologiya mütəxəssislərinin ənənəvi görüş yeri olan bu sərgidə iştirakçılar yeni stomatologiya avadanlıqlarını, istifadə materiallarını, implantasiyada və diş ağardılmasında yeni texnologiyalarını, ağız boşluğunun gigiyenasında vasitələrini təqdim ediblər.
Beynəlxalq gözəllik və estetik tibb sərgisi keçirildiyi on il ərzində gözəllik sənayesinin peşəkarlarını və bu sektorun məhsul və xidmət istehlakçılarını hər il bir arada toplayan peşəkar foruma çevrilib. Keçirildiyi illər ərzində sərgidə ümumilikdə 250 şirkət iştirak edib. Bu şirkətlər arasında salon biznesinin müxtəlif istiqamətləri üzrə yerli, eləcə də xarici istehsalçı və distribüterlər yer alıblar. Bu ilki sərgidə Azərbaycan, Almaniya, İtaliya, Koreya, Rusiya və Ukrayna kimi ümumilikdə 11 ölkəni təmsil edən 35 şirkət bir araya gələrək peşəkar kosmetik məhsulları, gözəllik salonları üçün avadanlıqların geniş çeşidini, kosmetologiya aparatları və bir sıra digər məhsulları təqdim ediblər. Bu il yenilik kimi Almaniyadan salon ləvazimatları, Yaponiya və Koreyadan Asiya kosmetikası və digər məhsullar da sərgilənib. Eyni zamanda sərgidə ilk dəfə Taylandı təmsil edən şirkətlər təmsil olunub. Bu şirkətlər dekorativ kosmetika, saç və dırnaqlara qulluq vasitələri, eləcə də SPA məhsulları ilə ziyarətçilərin diqqətini cəlb edib. Şirkətlərin stendlərində təqdimat və ustad dərslərinin keçirilməsi də planlaşdırılır. Beləliklə, üç gün ərzində sərgilər köhnə tərəfdaşların və həkimlərin görüş yerinə çevrilməklə yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, habelə bazarın qiymətləndirilməsi, perspektiv müqavilələrin imzalanması və sərmayələrin yatırılmasına kömək edib. Eyni zamanda, Azərbaycanın hər bir bölgəsindən gələn mütəxəssislər xarici və yerli şirkətlərin məhsulları ilə şəxsən tanış olmaq və yeni təklifləri qiymətləndirmək imkanı əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində ənənəvi olaraq iştirak edən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mütəxəssisləri təmsil etdikləri tibb müəssisəsində göstərilən tibbi xidmətlərlə bağlı məlumat verib. Bundan əlavə, onlar tərəfindən ziyarətçilərin “check-up” müayinəsi aparılıb. Cəmi 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndərilib. Sərgidə həmçinin Mərkəzi təmsil edən tibb heyəti müayinədən keçənlərə tövsiyə və məsləhətlərini də veriblər.
Xəbəri paylaş











