Bakı Sağlamlıq Mərkəzində bu il 2 mindən çox əməliyyat icra edilib

Bu rəqəm Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzində (BSM) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilən hesabat konfransında səsləndirilib.
Tədbirdə mərkəzin direktoru Hikmət Həsənov bu tibb müəssisəsinin Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa olunduğunu və 2014-cü ilin əvvəllərində ölkə başçısının şəxsən iştirakı ilə əhalinin istifadəsinə verildiyini diqqətə çatdırıb. Bildirib ki, 550 çarpayılıq BSM-də tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunur. Mərkəzdə təbabətin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılıb. Şöbələr dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təchiz olunub. Onların bir çoxu ölkə təbabətində ilk dəfə tətbiq edilib.
H.Həsənov qeyd edib ki, 13 şöbədən ibarət Bakı Sağlamlıq Mərkəzində 2016-cı ilin 8 ayı ərzində 7225 xəstə müalicə və müayinədən sonra sağalma ilə evə yazılıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz çoxdur. Bunlar əsasən doğum, endokrinologiya, terapiya, cərrahiyyə, nevrologiya, otorinolarinqologiya və yenidoğulmuşların patologiyası şöbələrinin pasiyentləridir. Mərkəzdə 136 həkim, 59 rezident və 257 tibb bacısı əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu ilin 8 ayı ərzində kollektivin bir çox üzvləri müəssisə rəhbərliyi tərəfindən göstərdikləri keyfiyyətli tibbi yardıma görə fəxri fərmanla təltif olunublar. Klinikada müalicə almış xəstələr tərəfindən yazılı olaraq direktorun adına 47, Bakı Baş Səhiyyə İdarəsinə 11 təşəkkürnamə göndərilib.
Mərkəzin direktoru bildirib ki, BSM-də bu ilin 8 ayı ərzində 2116 əməliyyat icra edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz çoxdur. Burun-qulaq-boğaz əməliyyatları 8 faiz, cərrahiyyə əməliyyatları 19,2 faiz, ginekoloji əməliyyatlar 6,8 faiz artıb. Qeysəriyyə əməliyyatlarının sayı isə ötən illə müqayisədə 8 faiz azalıb.
BSM-in direktor müavini, Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi Hacıqulu Bağırov isə bildirib ki, Azərbaycanda icra olunan 180 min cərrahiyyə əməliyyatının yalnız 0,2 faizi ölümlə nəticələnir. Baş cərrah bunun yaxşı göstərici olduğunu, inkişaf etmiş Avropa ölkələrində əməliyyatlar zamanı ölüm göstəricisi ilə eyni səviyyədə olduğunu vurğulayıb. H.Bağırov qeyd edib ki, ölkəmizdə bütün növ cərrahiyyə əməliyyatları icra olunur, bunların çoxu BSM-də də həyata keçirilir. Bakı Sağlamlıq Mərkəzi həm də lapаroskopiya əməliyyatlarının geniş çeşiddə həyata keçirildiyi tibb müəssisəsidir.
Xəbəri paylaş