Azərbaycanda uşaq əhalisi nevroloji yardımla əhatə olunub

Ölkəmizin uşaq əhalisinə ixtisaslaşdırılmış nevroloji müayinə və müalicə xidmətləri göstərən Səhiyyə Nazirliyi Uşaq Nevroloji Xəstəxanasına bu ilin 6 ayı ərzində 11 mindən çox uşaq müraciət edib, onlardan 1455 nəfəri stasionar müalicəyə qəbul olunub. Zəruri müalicə aldıqdan sonra 1381 xəstə evə buraxılıb.
Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin ölkəmizdə uşaq əhalisinə göstərilən ixtisaslaşdırılmış müayinə və müalicə xidmətləri ilə bağlı yayımladığı press-relizdə məlumat verilib.
Bildirilib ki, dövlətimizin qarşısında prioritet məsələlərdən biri kimi duran genofondumuzun qorunması məqsədilə Azərbaycanda son illərdə uşaqların sağlamlığının mühafizəsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Görülən işlər sırasında uşaq xəstəliklərinin erkən diaqnostikası məsələləri mühüm yer tutur. Uşaqlar arasında yayılan patologiyaların profilaktikasında onların icbari dispanserizasiyadan keçirilməsinin xüsusi rolu vardır.
Uşaq sağlamlığı sahəsində nevroloji xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan pediatrik yardım üzrə ölkəmizdə ön sıralarda olan Uşaq Nevroloji Xəstəxanasının fəaliyyəti xüsusi qeyd edilməlidir.
1969-cu ildən fəaliyyət göstərən bu tibb müəssisəsi 2011-ci ili dekabr ayında tam təmir olunaraq istifadəyə verilib. Xəstəxanada 40 nəfəri nevropatoloq olmaqla 68 həkim və 88 orta tibb işçisi azyaşlıların sağlamlığına xidmət edir.
Altımərtəbəli binanın hər bir şöbəsində quraşdırılan müasir avadanlıqlar diaqnozu vaxtında və dəqiq qoymağa imkan verir. Xəstəxanada intensiv terapiya palatası, ultrasəs müayinəsi, exokardioqramma, qanalma otaqları, oftalmologiya, elektroensefaloqrafiya - beyin rentgeni kabineti və laboratoriyalar fəaliyyət göstərir. Altıncı mərtəbədə müalicə-bərpa şöbəsi, lazımi avadanlıqla təchiz edilən müalicəvi bədən tərbiyəsi salonu yaradılıb.
Xəstəxanada həmçinin ən son texnologiyalara uyğun avadanlıqlarla təchiz edilmiş masaj və fizioterapiya kabinetləri, psixoloq otağı, müayinə otaqları vardır.
Tibb müəssisəsində nevroloji qüsurları olan uşaqların müayinəsi və müalicəsi yüksək səviyyədə həyata keçirilir.
Xəbəri paylaş