ATU-ya xarici tələbə qəbulu rekord səviyyəyə çatıb

Bu il Azərbaycan Tibb Universitetinə (ATU) xarici ölkələrdən tələbə qəbulu rekord səviyyədə olub. Universitetin hazırlıq şöbəsinə artıq təxminən 300 nəfər, birbaşa I kursa 30 nəfər, rezidenturaya 10 nəfər, magistraturaya isə 1 nəfər qəbul edilib.
Bu barədə ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev məlumat verib. Onun sözlərinə görə, əcnəbi tələbələrin universitetə maraq göstərməsi bu təhsil ocağının dünyada olan hörmətindən irəli gəlir: “Görülən işlər nəticəsində İraq dövləti rəsmi olaraq ATU-nun diplomunu tanıyır. Həmin iş İran, Türkiyə və s. ölkələrdə də gedir. Bu istiqamətdə də biz bir sıra nailiyyətlərə müvəffəq olmuşuq. İndi ATU nəinki qonşu ölkələrdə, həmçinin iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə də maraq doğurur. Məsələn, bu il artıq bizə ABŞ, İsveçrə, Finlandiyadan tələbələr qəbul olub”.
İ.Əfəndiyev həmçinin qeyd edib ki, bu işdə ATU-nun üzərinə böyük məsuliyyət düşür: “Xarici tələbələrin çoxu ingilis dilində təhsil alır. Biz də bu məsuliyyəti dərk edərək universitetin əməkdaşları üçün Xarici dillər kafedrasında xüsusi dil təkmilləşdirmə kursları təşkil etmişik”.
Xəbəri paylaş