ATU-nun diplomları İraqda tamhüquqlu təhsil sənədi kimi tanınacaq

İraq hökumətinin avqustun 21-də verdiyi qərara əsasən, artıq Azərbaycan Tibb Universitetinin (ATU) diplomları həmin ölkədə tamhüquqlu təhsil sənədi kimi qəbul ediləcək.
Bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Əl-Şuveyli ATU-nun rəhbərliyi ilə görüşü zamanı bildirib.
Görüşdə Universitetin rektoru, professor Gəray Gəraybəyli İraqlı diplomata rəhbərlik etdiyi ali tibb təhsili müəssisəsi haqqında, burada təhsil alan əcnəbi tələbələr və onlara yaradılan şərait barədə ətraflı məlumat verib. Qeyd edib ki, ATU-da təhsil alan xarici ölkə gəncləri arasında İraqdan olan tələbələr xüsusi fərqlənirlər.
İraqlı diplomat Fadil Əl-Şuveyli ölkəsinin Azərbaycan Tibb Universiteti ilə bağlı bu qərarını dəstəklədiyini deyib və iraqlı tələbələrin Azərbaycanda yüksək təhsil alaraq lazımi biliklərə yiyələndiklərindən məmnunluğunu ifadə edib. İraq rəsmisi ATU-da təhsil alan iraqlı tələbələrə qarşı çox yaxşı münasibətin olduğunu söyləyib.
Görüş zamanı Azərbaycanla İraq arasında olan dostluq münasibətlərinin təhsil müstəvisində də davam etdirildiyi, Tibb Universiteti ilə mövcud əməkdaşlığın buna bariz nümunə olduğu vurğulanıb. Gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyi qeyd olunub.
Xəbəri paylaş