Tibb müəssisələrində pasiyentlər səsvermədə iştirak etdilər

Mərkəzi Seçki Komissiyası və Səhiyyə Nazirliyi referendumla əlaqədar birgə seminar-müşavirə keçirib
Səhhəti ilə əlaqədar stasionarda müalicə alan vətəndaşlar 2016-cı il sentyabrın 26-na keçirilmiş ümumxalq səsverməsi (referendum) zamanı öz səsvermə hüquqlarından istifadə ediblər.
Referenduma hazırlıq mərhələsində bununla əlaqədar təşkilati məsələlər Mərkəzi Seçki Komissiyasının Səhiyyə Nazirliyi ilə birgə keçirdiyi seminar-müşavirədə müzakirə olunub.
Komissiyanın inzibati binasında baş tutan tədbirdə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri və MSK Katibliyinin nümayəndəsi səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin referendumda iştirakı ilə bağlı məruzələr və təqdimatlar ediblər. Belə vətəndaşların seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili, nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi, seçicilərin Referendum Aktı layihəsi ilə tanış olmaları, seçicilərin səhhəti ilə əlaqədar müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahılarının tərtib edilməsi qaydaları, habelə səsvermə günü məntəqə seçki komissiyalarının vəzifələri və səsvermə prosedurları çıxışların mövzusu olub.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri, Səhiyyə Nazirliyinin nümayəndələri, MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, müvafiq dairə və məntəqə seçki komissiyalarının sədrləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə seçicilərin səhhəti ilə əlaqədar müvəqqəti olduqları yerlərdə referendumun təşkilinə dair müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş