Azərbaycanda epidemiloji vəziyyət nəzarətdədir

2013-cü ildən etibarən ölkəmizdə malyariyaya yerli yoluxma halları qeydə alınmayıb. Bir sıra infeksion xəstəliklərlə mübarizə üzrə Azərbaycanda görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (GEM) keçirilmiş, qurumun fəaliyyətinin “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən istiqamətlərinə həsr edilmiş “dəyirmi masa”da söhbət açılıb.
Tədbirdə Respublika GEM-in direktor əvəzi Vaqif Abdullayev vurğulayıb ki, ölkə rəhbərliyinin uğurla apardığı sosial-iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətinin aparıcı qüvvəsi olan sanitariya-epidemioloji xidmətin də fəaliyyətinin səmərəliliyinə öz müsbət təsirini göstərib. O qeyd edib ki, Mərkəzin əsas fəaliyyəti ölkə əhalisinin sağlamlığını insanı əhatə edən mühit amillərinin mənfi təsirlərindən qorumaq məqsədilə vətəndaşların sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə yönəldilmiş tədbirləri təşkil etməkdən və həyata keçirməkdən ibarətdir.
Su təchizatına sistemli dövlət nəzarətinin yoluxucu xəstəliklərin profilaktikasında müstəsna əhəmiyyətini vurğulayan V.Abdullayev məlumat verib ki, 2010-2016-cı illər ərzində 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb, 9 rayon mərkəzində isə həmin sistemlərin istismara verilməsinə müsbət rəylər verilib. O bildirib ki, Kür və Ceyranbatan sutəmizləyici qurğularından ayda bir dəfə, mərkəzi su anbarları və nasos stansiyalarından həftədə bir dəfə su nümunələri götürülərək, Respublika GEM-in laboratoriyasında müayinə olunur. Bundan əlavə, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”na uyğun olaraq, əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün kənd yerlərində içməli su mənbələrinin qeydiyyata alınması, onların sanitariya-mühafizə zonalarının müəyyən edilməsi istiqamətində geniş tədbirlər həyata keçirilib. 52 rayonun 2683 kəndində 3647 su mənbəyindən laboratoriya müayinələri təşkil edilib, 2835 su mənbəyinin vəziyyəti mütəxəssislər tərəfindən yerində araşdırılıb, 39 rayonda vəziyyət haqqında rayonların icra hakimiyyətlərinə təkliflər verilib.
Qeyd edilib ki, çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə hər il laborator tədqiqat üsullarının tətbiqi ilə nəzarət olunur. Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənmə hallarının davam etməsini nəzərə alaraq, həmin ərazilərdə çimərliklərin istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barəsində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş qərar bu il də qüvvədə saxlanılıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva isə toplantıda yoluxucu xəstəliklərin qarşısının alınması işində xüsusi əhəmiyyət kəsb edən vaksinasiya tədbirlərindən danışıb. O bildirib ki, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqlar 11 xəstəliyə qarşı peyvənd edilir. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”na əsasən, 2016-cı ilin aprel ayında ölkəmizin bütün şəhər və rayonlarında üçvalentli OPV vaksininin istifadəsi dayandırılıb, ikivalentli OPV vaksininin istifadəsinə başlanılıb.
A.Əliyevanın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılca və məxmərək xəstəliklərinə qarşı Azərbaycanda aparılan tədbirləri yüksək qiymətləndirib. Qızılca və məxmərəyin ləğvi üzrə ÜST-nin Avropa regional komissiyasının 2015-ci ilin oktyabr ayında keçirilən iclasında Azərbaycanda bu xəstəliklərin eliminasiyası elan edilib.

Natiq həmçinin vurğulayıb ki, malyariya əleyhinə aparılmış məqsədyönlü kompleks əksepidemik tədbirlər nəticəsində 2013-cü ildən etibarən bu xəstəliyə yerli yoluxma halları qeydə alınmayıb. Bununla da ölkə ərazisində malyariyanın tam ləğvinə nail olunub: “Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində, idarəolunan xəstəliklərdən poliomielit 1995-ci ildən, məxmərək 2008-ci ildən, difteriya 2010-cu ildən, qızılca və göyöskürək xəstəlikləri 2014-cü ildən bəri baş verməyib, epidemik parotit xəstəliyi isə minimum səviyyədə müşahidə edilib”.
Tədbirdə qeyd olunub ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tabeliyində olan 74 gigiyena və epidemiologiya mərkəzi, 6 dezinfeksiya stansiyası və 45 profilaktik dezinfeksiya şöbəsinin fəaliyyətinə təşkilati-metodik rəhbərliyi təmin etməklə, genişmiqyaslı tədbirlərin həyata keçirilməsini təşkil edir. Son beş ildə gigiyena, epidemiologiya və laboratoriya ixtisasları üzrə 1110 həkim və 2 minə yaxın orta tibb işçisi təkmilləşmə və ixtisasartırma kursları keçməklə, test imtahanlarını verərək sertifikat alıb.
Vurğulanıb ki, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində ölkəmizdə epidemioloji sabitlik təmin edilir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bu ilin birinci rübündə Bakıda su ilə dolu 238 zirzəminın aşkarlandığını diqqətə çatdıraraq deyib ki, həmin zirzəmilərdən götürülən su nümunələri analiz olunduqdan sonra nəticələri barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər göndərilir.
“Dəyirmi masa”da qida zəhərlənmələrinin və qida vasitəsilə baş verən yoluxucu xəstəliklərin profilaktikası sahəsində görülən tədbirlərdən də danışılıb. Diqqətə çatdırılıb ki, yeyinti məhsullarının təhlükəsizliyinə mikrobioloji və toksikoloji laboratoriya nəzarəti müasir beynəlxalq tələblər səviyyəsində həyata keçirilir. Həmin laboratoriyalar ən müasir avadanlıqlarla və tam hazırlıqlı kadrlarla təmin olunub. Bununla yanaşı, vurğulanıb ki, əhali arasında hələ də kütləvi qida zəhərlənmələri, hətta ölümlə nəticələnən botulizm hadisələri baş verdiyi üçün bu sahədə maarifləndirmə işlərinin davam etdirilməsi çox vacibdir.
Xəbəri paylaş