Ölkəmizdə 3240 nəfər antiretrovirus terapiyasına cəlb olunub

Respublika QİÇS-lə Mübarizə Mərkəzi insanın immun çatışmazlığı virusu (İİV) infeksiyası və qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) ilə bağlı ölkəmizdə 2016-cı ilin birinci yarımilliyi üzrə məlumatı açıqlayıb.
Məlumatda bildirilir ki, dünyada aparılan çoxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, İİV infeksiyası və QİÇS pandemiyası Yer üzündə yayılmaqda davam edir. Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, 1987-2016-cı illər ərzində aşkar olunan halların ən azı 49,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
2016-cı ilin birinci yarımilliyi ərzində Mərkəzdə 283 yeni yoluxma halı qeydə alınıb. Onlardan 276-sı (97,5%) Azərbaycan vətəndaşlarında, 7-si (2,5%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 276 yerli sakindən 180-i (65,2%) kişi, 96-sı (34,8%) qadındır. Azərbaycan vətəndaşı olan İİV-li xəstələrdən 86 nəfəri bu dövr ərzində QİÇS mərhələsinə keçib.
2016-cı ilin ilk 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yollarına gəlincə, 56 nəfərdə (20,3%) yoluxmanın parenteral yolla, 160 nəfərdə (58,0%) heteroseksual, 5 nəfərdə (1,8%) homoseksual kontakt nəticəsində, 4 nəfərdə (1,7%) şaquli yolla baş verməsi artıq müəyyənləşdirilib. 51 nəfərin (18,5%) isə yoluxma yolu hazırda müəyyənləşdirilir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4955 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3607-si (73,2%) kişi, 1348-i (26,8%) qadındır. QİÇS mərhələsində olan ölkə vətəndaşlarının sayı 1798 nəfərdir.
İİV-lə yaşayan insanlardan 47,0%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 7,3%-də yoluxma yolu müəyyən edilməyib.
Ölkəmizdə QİÇS-dən ölənlərin sayı 2007-ci ildən etibarən azalmağa başlayıb. Bu, Səhiyyə Nazirliyinin İİV/QİÇS problemini daim nəzarətdə saxlaması, antiretrovirus müalicəsinin tətbiqi, İİV-lə yaşayan insanlara Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi sayəsində mümkün olub. Azərbaycanda 2006-cı il noyabrın 8-dən etibarən tətbiq edilən antiretrovirus terapiyasına hazırda 3240 İİV-lə yaşayan insan cəlb olunub.
Məlum olduğu kimi, Ailə Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar olaraq, 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçirilirlər. Bu ilin 6 ayı ərzində bu qəbildən olan 69 796 şəxs İİV-ə görə müayinəyə cəlb edilib və 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
Əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin birinci yarımili ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS infeksiyası ilə bağlı maarifləndirmə işləri aparılıb, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər keçilib. Ölkəmizdə İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib.
Xəbəri paylaş