Ölkəmizdə uşaq ölümü göstəricisi 3 dəfəyədək azalıb

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2006-cı ilin fevralında ana və uşaqların sağlamlığının qorunmasını səhiyyənin prioriteti kimi müəyyən edib və bu gün də bu, əsas istiqamətlərdən biri olaraq qalır. Son 10 ildə ölkəmizdə uşaqların sağlamlığının qorunması ilə bağlı bir çox dövlət proqramları qəbul edilərək reallaşdırılıb. Hazırda 2014-2020-ci illəri əhatə edən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” icra olunur. Görülən işlər sayəsində Azərbaycanda uşaq sağlamlığını əks etdirən göstəricilər ilbəil yaxşılaşır.
Bu barədə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda uşaq sağlamlığı uğrunda mübarizə sahəsində görülən işlərə həsr olunmuş mətbuat konfransında məlumat verilib.
Tədbirdə çıxış edən institutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev bildirib ki, Azərbaycanda körpə ölümü göstəricisi 1993-cü illə müqayisə 3 dəfə azalıb: “Əgər 1993-cü ildə hər 1000 nəfər diridoğulana ölüm göstəricisi 28,2 promille təşkil edirdisə, 2005-ci ildə bu göstərici 12,7 promilleyə, 2014-cü ildə isə 10,2 promilleyə qədər aşağı düşüb. Səhiyyə Nazirliyi tərəfindən aparılan işlərin əsas məqsədi ölkəmizdə bu rəqəmlərin azaldılmasıdır. Uşaqların icbari dispanserizasiyası göstəricilərin daha da yaxşılaşmasına səbəb olacaq”.
Toplantıda N.Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2013-cü ilin mart ayında qəbul edilmiş “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunun uşaq sağlamlığının qorunmasında müstəsna əhəmiyyətindən söz açıb, qeyd edib ki, bu Qanunun əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq kompleks tibbi müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır.
Ana və uşaqların sağlamlığının qorunması işində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın rolunu xüsusi vurğulayan natiq uşaqlarda irsi qan xəstəliklərinin, şəkərli diabetin, ürək qüsurlarının, nevroloji xəstəliklərin müalicə və profilaktikasında onun əvəzolunmaz xidmətlərini xatırladıb.
Baş pediatr diqqətə çatdırıb ki, hazırda Azərbaycanda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı dövlət hesabına peyvənd olunurlar: “Bu da dünyanın inkişaf etmiş ölkələrinin praktikasına uyğundur. Qızılca və məxmərək xəstəliklərinin ləğv edilməsinə görə Azərbaycan 53 Avropa dövləti arasında ilk onluqda yer alıb. Dünyanın ən inkişaf etmiş ölkələrində 13 xəstəliyə qarşı peyvənd aparılır. Biz də meningit və suçiçəyinə qarşı peyvəndi tətbiq etsək, onların sırasına qatıla bilərik. Hazırda ölkəmizdə suçiçəyinə qarşı peyvəndin aparılmasına hazırlıq görülür və yaxın illərdə bu peyvəndin də tətbiqi gözlənilir”.
Professor N.Quliyev söyləyib ki, bu strategiyanın əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və hazırda uğurla davam etdirilir: “Müstəqilliyimizin ilk illərində ağır böhran şəraitində dərman vasitələrinin kəskin çatışmazlığı hökm sürürdü və uşaqlar cəmi beş yoluxucu xəstəliyə qarşı peyvənd olunurdular. Hələ o zaman ölkə Prezidenti Heydər Əliyevin təşəbbüsü və böyük dəstəyi ilə MDB ölkələri arasında birinci olaraq Avropadan alınan kredit hesabına Azərbaycana külli miqdarda peyvənd materialları, dərman preparatları və tibbi ləvazimat gətirilməklə bu problemlərin həllinə başlanıldı”.
Mətbuat konfransında uşaqların icbari tibbi müayinələrə cəlb olunmaları ilə bağlı təbliğat aparılmasının vacibliyi də vurğulanıb.
Xəbəri paylaş