Hamilələr protokol əsasında müayinə və müalicə olunurlar

Qadın məsləhətxanalarında hamilələrin müayinə və müalicəsi Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Antenatal xidmət üzrə protokol əsasında həyata keçirilir. Bu məqsədlə həmin səhiyyə ocaqlarında zəruri şərait yaradılıb. Protokola uyğun olaraq, hamiləliyin hər bir dövrünə ciddi şəkildə nəzarət edilir. Hər hansı genital və ya ekstragenital patoloji hal baş verərsə, hamilə qadın dərhal mütəxəssislər tərəfindən nəzarətə götürülür və lazım gəldikdə, hospitalizasiya olunur.
Bu barədə ölkəmizdə antenatal xidmətin təşkilinə həsr olunmuş “dəyirmi masa”da danışılıb.
KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Bakı şəhəri 3 nömrəli Qadın Məsləhətxanasının müdiri Aygün Budaqova bildirib ki, ana və uşaqlara xidmətin səviyyəsinin daha da artırılması müasir dövrün tələbidir. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğı hər bir vətəndaşı, o cümlədən tibb işçilərini gələcək nəslə diqqətli və qayğıkeş olmağa çağırır. Hamiləliyin analar üçün çox həssas bir dövr olduğunu və həmin dövrdə onlara xüsusi qulluq tələb olunduğunu söyləyən A.Budaqova qeyd edib ki, Bakıda, eləcə də regionlarda gələcək nəslin sağlamlığı naminə hamilə qadınların, dünyaya gələcək körpələrin vaxtında müayinə və müalicəsi ciddi şəkildə nəzarətdə saxlanılır: “Hamilələrin vaxtında aşkar olunması, onların qadın məsləhətxanalarına cəlb edilməsi olduqca önəmli məsələdir. Hamilə qadın sağlam övlad dünyaya gətirmək üçün ən azı 7 dəfə qadın məsləhətxanasında həkimə müraciət edərək, tam həcmdə müayinələrdən keçməli, qidalanmasına diqqət yetirməlidir. Bütün bunlara riayət olunarsa, hamiləliyi fizioloji keçən qadınlarda normal doğuş baş verə bilər. Hamiləlik dövründə gedən prosesləri izləmək üçün hamilələrə müvafiq qeydiyyat kartları təqdim edilir. Hamilələr qadın məsləhətxanalarına gələrkən həkim həmin qeydiyyat kartlarında zəruri qeydlər aparır”.
A.Budaqova qadın sağlamlığı üçün maariflənmənin əhəmiyyətini də vurğulayıb: “Əhalinin maarifləndirilməsi, hamilələrin müayinələrə cəlb olunması məqsədilə qadın məsləhətxanalarında analar məktəbləri təşkil olunur. Gənc analar bu məktəblərdə hamiləlik haqqında hər cür məlumatı əldə edə bilərlər. Bu məktəblərdə hamiləliyin hər üç trimestrinə aid müxtəlif mövzularda mühazirələr oxunur. Onlar əsasən hamilə qadınların qidalanması, şəxsi gigiyenası, ana südü ilə qidalandırmaya və doğuşa hazırlıq, zahılıq dövründə qulluq və digər mövzuları əhatə edir. Eyni zamanda, bu məşğələlərdə qadınlar hamiləliyin fəsadlaşmaları, doğuşun gedişatı, körpəyə qulluq barədə məlumatlandırılırlar”.
Diqqətə çatdırılıb ki, antenatal xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı şəhərinin mama-ginekoloqları vaxtaşırı regionlara ezam olunurlar. Bu isə mama-ginekoloqlar arasında fikir mübadiləsinin aparılmasına, regionlarda antenatal xidmətin hərtərəfli təşkil olunmasına böyük töhfə verir.
Xəbəri paylaş