Reproduktiv Sağlamlıq Strategiyası müzakirə olunub

Azərbaycanda reproduktiv sağlamlığa dair yeni Milli Strategiyanın hazırlanması üzrə milli işçi qrupun görüşü keçirilib.
Toplantıda yerli mütəxəssislərlə yanaşı, Litvadan dəvət olunmuş beynəlxalq ekspertlər – Ümumdünya Səhiyyə Təşkilatının Cinsi və reproduktiv sağlamlıq üzrə proqram meneceri Gunta Lazdane və Litva Sağlamlıq Elmləri Universitetinin Mamalıq və ginekologiya şöbəsinin müdiri Ruta Nadişauskiene, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı təmsilçisi, BMT-nin Əhali Fondunun və Dünya Bankının nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi işçiləri də müzakirələrə qatılıblar.
Tədbir zamanı 2008-2015-ci illər üzrə Reproduktiv Sağlamlığa dair Milli Strategiya çərçivəsində qarşıya qoyulmuş məqsədlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr müzakirə olunub. Eyni zamanda, həmin nəticələrə əsasən, 2017-2025-ci illər üçün növbəti strategiyada qarşıda duran məqsədlərdən və vəzifələrdən danışılıb.
Milli işçi qrupun təkrar toplantısının sentyabr ayında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Reproduktiv Sağlamlığa dair Milli Strategiyanın əsas istiqamətləri ana və uşaq sağlamlığı, ailə sağlamlığı, cinsi yolla yayılan infeksiyalar (o cümlədən uşaqlıq boynu xərçəngi), İİV/QİÇS, yeniyetmələrin reproduktiv sağlamlığı, gender zorakılığı və cinsi istismardır. Bu istiqamətlər üzrə fəaliyyət planı növbəti görüşlərdə tərtib olunacaq.
Xəbəri paylaş