Bölgələrə media-turlar keçirilir

Jurnalistlərin regionlarda fəaliyyət göstərən tibb müəssislərinin şəraiti və fəaliyyəti barədə informasiya alması və real vəziyyətlə bağlı əhalini məlumatlandırması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müxtəlif bölgələrə press-turların təşkili davam etdirilir.
Belə turlardan birində kütləvi informasiya vasitələrinin nümayəndələri Xızı Rayon Mərkəzi Xəstəxanasında, Quba Diaqnostika Mərkəzində və Qusar Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olublar.
İnformasiya turu çərçivəsində Xızı Mərkəzi Rayon Xəstəxanasında olan media nümayəndələrinə bildirilib ki, tibb müəssisəsində cərrahiyyə, terapiya, doğuş, pediatriya və digər şöbələr fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağında gün ərzində təxminən 165 nəfərə xidmət edilir. Burada qeydiyyatda olan 196 nəfər şəkər xəstəsinə şəkər ölçmə cihazı (qlükometr) paylanıb, onlar zəruri dərman preparatları ilə təmin olunurlar. Bundan başqa, xəstəxanada qeydiyyatda olan vərəm və böyrək çatışmazlığı xəstələri də dərman preparatları ilə tamamilə ödənişsiz təmin edilirlər.
Media-tur çərçivəsində mətbuat nümayəndələri Quba Diaqnostika Mərkəzinə də baş çəkiblər. Bildirilib ki, burada bu il ərzində rayonun 175 min əhalisindən 140 min nəfəri icbari tibbi müayinədən keçib. Bu Mərkəzdə 60 nəfərə xidmət üçün nəzərdə tutulmuş, Şimal zonası üzrə ən böyük Hemodializ şöbəsi fəaliyyət göstərir.
Mətbuat turu çərçivəsində səfər edilən üçüncü tibb müəssisəsi Qusar Rayon Mərkəzi Xəstəxanası olub. Burada cərrahiyyə, infeksion, vərəm, reanimasiya, terapiya, doğum şöbələri mövcuddur. Müəssisəyə digər bölgələrdən müraciət edən əhalinin də stasionar müalicəsi təşkil edilir. Mərkəzi xəstəxanada 2014-cü ildən fəaliyyət göstərən 10 çarpayılıq Onkoloji şöbə əhalinin kimyaterapiya alması üçün nəzərdə tutulub.
Səhiyyə Nazirliyi tərəfindən daha bir informasiya turu Kürdəmir, Ağsu və Şamaxı rayonlarına keçirilib.
Tədbir çərçivəsində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına baş çəkən mətbuat nümayəndələrinə bildirilib ki, 2012-ci ildə əsaslı təmir olunaraq əhalinin xidmətinə verilən xəstəxana yeni laborator, stomatoloji və oftalmoloji avadanlıqlar, ən son model USM, müasir tələblərə cavab verən rentgen və ensefaloqrafiya aparatları, müasir cərrahiyyə əməliyyatlarını keçirmək üçün lazım olan avadanlıqlarla təmin edilib.
Səfər zamanı Ağsu Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlərə məlumat verilib ki, tibb müəssisəsinin tikintisi 2015-ci ilin sonunda başa çatıb və o, bu ilin aprel ayında istifadəyə verilib. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji-anatomiya, hemodializ, poliklinika və s. şöbələr fəaliyyət göstərir.
Media-tur çərçivəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gələn mətbuat nümayəndələrinə bildirilib ki, rayon əhalisinə mərkəzi xəstəxana ilə yanaşı, Göylər Kənd Xəstəxanası da xidmət göstərir. Müəssisə müasir tibbi avadanlıqlarla təchiz edilib. Burada müalicə və müayinə işinin təşkili, əhaliyə keyfiyyətli tibbi xidmətlərin təqdim edilməsi üçün zəruri şərait yaradılıb.
Media-turun yekununda qeyd edilib ki, hazırda regionlarda səhiyyə müəssisələri yenilənir, müasir avadanlıqlarla təchiz edilir, zəruri ixtisaslı kadr resursları ilə təmin olunur. Bölgələrdəki səhiyyə müəssisələrində tibb xidməti yüksək səviyyədə təşkil edilib, bu səbəbdən orada yaşayan vətəndaşların müayinə və müalicə məqsədi ilə uzaq məsafəni qət edərək Bakıya gəlmələrinə artıq ehtiyac qalmayıb.
Xəbəri paylaş