Talassemiya xəstələri daim dövlətimizin diqqətindədirlər

Azərbaycan dövləti ölkəmizdə talassemiya xəstəliyini və bu xəstəlikdən əziyyət çəkən insanları daim diqqət mərkəzində saxlayır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Tədbirlər Planı”nda əsas diqqət müalicə tədbirlərinə, bununla yanaşı, talassemiyanın profilaktikasına, əhalinin bu istiqamətdə maarifləndirilməsinə, həmçinin perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənib.
H.Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu qurumun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkən insanlar daim yüksək səviyyədə müayinə və müalicə olunurlar. Hazırda Mərkəzdə dispanser qeydiyyatında 2729 xəstə var və onlar müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirirlər.
Məlumatda qeyd edilir ki, 2016-cı ilin birinci yarımilliyində Respublika Talassemiya Mərkəzinə 11 802 müraciət olub. Onlardan 1 630-u ilkin müraciətlərdir. Dispanser qeydiyyata alınanların sayı isə 142 nəfərdir.
Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Hematoloji şöbədə isə cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub.
Eyni zamanda, cari ilin 6 ayı ərzində Mərkəzin ümumi laboratoriyasında 10 200 nəfər proqram çərçivəsində müayinələrdən keçib, 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb.
2014-cü ildən fəaliyyətə başlayan Sümük iliyi transplantasiyası şöbəsində ötən 6 ay ərzində 10, ümumilikdə isə 35 xəstəyə dövlət vəsaiti hesabına sümük iliyi köçürülüb. Əməliyyatlar uğurla başa çatıb.
Sevindirici haldır ki, cari ilin aprel ayında EBMT-nin Valensiya şəhərində keçirilən növbəti iclasında Respublika Talassemiya Mərkəzi Beynəlxalq Transplantasiya Təşkilatına üzv seçilib.
2015-ci ilin iyun ayından etibarən ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Verilən məlumata görə, indiyədək 152 659 nəfər müayinədən keçib və onlardan 7 503 nəfərində daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb və həmin şəxslərə müvafiq məsləhətlər verilib. Ümumiyyətlə, bu müayinələrin həyata keçirilməsində məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.
Həmçinin “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan digər məsələlərin həyata keçirilməsi yönündə işlər də uğurla davam etdirilir.
Xəbəri paylaş