Səhiyyə Nazirliyinin sanaviasiya xidməti yüksək səviyyədədir

Səhiyyə Nazirliyinin sanaviasiya xidməti yüksək səviyyədədir

“Son 10 ildə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkim briqadaları yol qəzasına düşən 15 192 xəstəyə təcili, 13 428 nəfərə isə konsultativ tibbi yardım göstərib. Təkcə bu il stansiyaya 659 çağırış daxil olub. Bunlardan 624-ü yol-nəqliyyat hadisələri, 35-i isə digər travmalarla və terapevtik problemlərlə bağlıdır. Ümumilikdə, 712 xəstə müayinə edilib, onlardan 12-si hospitalizasiya olunub. 37 nəfərə yerində tibbi yardım göstərilib. 70 nəfər isə hadisə yerində dünyasını dəyişib”. Bu haqda TTTYS-nın baş həkimi Mirələm Cəlalov Akademik M.A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında stansiyanın fəaliyyətinə dair keçirilən mətbuat konfransında məlumat verdi.
M.Cəlalov bildirdi ki, səhiyyə nazirinin 1 dekabr 2005-ci il tarixli “Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviasiya) təkmilləşdirilməsi barədə” 140 saylı əmrinə əsasən, Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviasiya) ləğv edilərək, onun funksiyaları Səhiyyə Nazirliyinin TTTYS-na verilib. Səhiyyə nazirinin 24 iyul 2006-cı il tarixli digər əmri ilə ölkəmizin müxtəlif bölgələrində TTTYS-nın 12 regional məntəqəsinin təşkil olunduğunu söyləyən natiq baş vermiş yol-nəqliyyat hadisələri və digər qəza hallarında bu məntəqələrin zərərçəkmişlərə təcili, təxirəsalınmaz və konsultativ tibbi yardım göstərilməsinə lazımi şərait yaratdığını vurğuladı.
Baş həkimin sözlərinə görə, hazırda bu məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir, onlar mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi-texniki bazasının da müasir standartlara uyğun qaydada təşkil edildiyini diqqətə çatdıran natiq vurğuladı ki, onlar bütün lazımi tibbi avadanlıqlar, sarğı materialları və dərman preparatları ilə, habelə son model “Mercedes” markalı reanimobillərlə təmin olunub. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır.
Stansiyanın baş həkimi Mirələm Cəlalov onu da qeyd etdi ki, hazırda Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bazasında Fransa istehsalı olan, ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş 2 helikopter var: “Bu helikopterlər vasitəsilə rayonlarda olan ağır xəstələrin təcili başqa yerə evakuasiya olunması həyata keçirilir. Helikopterlərin enə bilmədiyi yerlərdə xüsusi qurğularla xərəklər iplə aşağı salınır və xəstə evakuasiya olunaraq helikopterə mindirilir. Bu ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə də həmin helikopterlərdən istifadə olunub və görülən işlər çox uğurla nəticələnib. Yaralılar vaxtında xəstəxanalara çatdırılaraq, onlara yüksək səviyyədə tibbi yardım göstərilib”.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin TTTYS-nın Gəncə Regional Məntəqəsinin böyük həkimi Sevinc Hüseynova son 10 ildə Azərbaycanda yol-nəqliyyat hadisələrinin 33,1 faiz artdığını bildirdi, qeyd etdi ki, bu artım ölkədə təcili yardım sahəsində yeni strukturun yaradılması zərurətini meydana çıxarıb: “Çünki xəstələrə, yol-nəqliyyat hadisələrində xəsarət alan şəxslərə vaxtında və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi, onların xəstəxanalara çatdırılması mühüm işdir”.

Ü.FƏRZƏLİYEVA


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova