Türkiyəli mütəxəssis mama-ginekoloqlara təlim keçdi

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Türkiyənin “Zeynep Kamil Kadın ve Çocuk hastalikları eğitim araşdırma Hastanesi”nın baş həkimi, professor Ateş Karateke ölkəmizin doğuşayardım xidmətində çalışan mama-ginekoloqlar üçün təlim keçib.
Tədbirdə giriş sözü ilə çıxış edən ADHTİ-nin rektoru Nazim Qasımov deyib ki, ana və uşaqların sağlamlığının qorunması Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması, bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması üzrə davamlı işlər görülür.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nı və bu proqramla bağlı Səhiyyə Nazirliyinin “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmrini xatırladan N.Qasımov həmin sənədlərin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Proqram üzrə yeddi perinatal mərkəzin yaradıldığını deyən rektor vurğulayıb ki, həmçinin beynəlxalq diridoğulma meyarlarına keçid vasitəsilə Azərbaycanda perinatal və uşaq statistik göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılıb, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işi daim təkmilləşdirilir, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazası gücləndirilir, təchizatı yaxşılaşdırılır və digər vacib tədbirlər həyata keçirilir.
Nazim Qasımov adıçəkilən əmrin icrası məqsədilə Ə.Əliyev adına ADHTİ-nin Mamalıq-ginekologiya və Anesteziologiya-reanimatologiya kafedralarının əməkdaşlarının regionlara bir neçə dəfə ezam olunduğunu, yerli mütəxəssislərə müvafiq kömək göstərdiklərini söyləyib.
Diqqətə çatdırılıb ki, institutun əməkdaşları yerlərdə həkimlərin fəaliyyətinin təhlilini apararaq, öz hesabatlarında problemlərin müsbət həlli üçün müvafiq təkliflər veriblər. Bunlardan biri də qardaş Türkiyə dövlətində tətbiq olunan “Təxirəsalınmaz mamalıq hadisələrində baş verən qanaxmalarda cərrahi müdaxilə layihəsi”ndən ölkəmizdə ana ölümlərinin sayını azaltmaq məqsədilə nümunə kimi istifadə etməkdir. Bu layihənin “Anadolu Kuzey Kamu Hastaneler Birliği”ndə tətbiqi nəticəsində Türkiyənin ana ölümü göstəricisi ən yüksək olan Orta Doğu Anadolu bölgəsində qanaxmalarla bağlı ana ölümləri və travmatizmləri əhəmiyyətli dərəcədə azalıb.
Professor Ateş Karateke məlumat verib ki, qadın xəstəlikləri və doğum üzrə həkimlərin çanaq cərrahiyyəsində qanaxmanı dayandıra bilməsi, bunu bacaran həkimlərin sayının artırılması üçün layihə çərçivəsində nəzəri və praktik təlimlər keçirilib. Nəticədə, həkim təcrübəsizliyi ilə bağlı olan ana ölümləri 10 dəfədən çox azalıb.
Sonra türkiyəli mütəxəssis ölkəmizin doğuşayardım xidmətində çalışan mama-ginekoloqlara təxirəsalınmaz mamalıq hadisələri zamanı baş verən qanaxmaların qarşısının cərrahi müdaxilə yolu ilə alınması ilə bağlı təlim keçib.
Xəbəri paylaş