Şəkərli diabet xəstələri dövlət qayğısı ilə əhatə olunub

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında mətbuat nümayəndələri üçün şəkərli diabetlə bağlı “dəyirmi masa” keçirilib.
Tədbirdə Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atıldığı və bu məsələnin qanunvericilikdə də əksini tapdığı, diabet xəstələrinin dövlət qayğısı ilə tam əhatə olunduğu diqqətə çatdırılıb.
Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin (REM) direktoru Yusif İsmizadə məlumat verib ki, ölkəmizdə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun qəbul edilib. Nazirlər Kabinetinin qərarları ilə təsdiq olunan “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” uğurla həyata keçirilib, indi isə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” icra edilir. Əsas vəzifələri şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatlarla tam təminatı, endokrinoloji xidmətin kadr potensialının gücləndirilməsi, bu xəstəliyin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsi olan Dövlət Proqramı çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registri və məlumat bazası təkmilləşdirilir, bu xəstəliyin profilaktikası, müalicə və reabilitasiyası üzrə vacib tədbirlər həyata keçirilir. Bakıda və bölgələrdə xəstələr şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunur, həkim-endokrinoloqlar üçün elmi-praktik konfranslar keçirilir, pasiyentlər, xüsusilə uşaqlar təlimlərə cəlb edilir. İndi həm paytaxtda, həm də regionlarda poliklinikalarda “diabet pəncəsi” xidmətinin yaradılmasına hazırlıq işləri görülür.
Yusif İsmizadə bildirib ki, hazırda ölkəmizdə 204 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Onların 62 mini Bakının payına düşür. İndiyədək 45 154 şəkərli diabet xəstəsi qlükometrlərlə dövlət hesabına təmin olunub, 14 397 xəstə isə insulin terapiyası alır.
O qeyd edib ki, hazırda REM-də şəkərli diabetdən əziyyət çəkən 512 uşaq dispanser qeydiyyatındadır. Onlar insulin analoqları, qlükometr və test çubuqları ilə daim tam təmin olunurlar. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə yeridilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir. Mərkəzin direktorunun sözlərinə görə, 90 uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin edilib.
Y.İsmizadə onu da qeyd edib ki, REM diabet xəstələrinin istirahətinin təşkili məqsədilə də zəruri işlər görür. 50 diabetli gənc yay düşərgəsinə istirahətə göndərilib.
“Dəyirmi masa”da məlumat verilib ki, hazırda dünyada 300 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə artan diabet ciddi tibbi-sosial problemlər yaradaraq, ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2030-cu ilədək dünyada diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər.
Ü.Fərzəliyeva
Xəbəri paylaş