Bakıda tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığı müzakirə olundu

Bakıda "Tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığı və keyfiyyətli tibbi xidmətin təşkili” mövzusunda konfrans keçirilib. Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının (ATMA) təşkil etdiyi konfransda Milli Məclisin səhiyyə komitəsinin üzvləri, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, özəl tibbi sığorta şirkətlərinin və ictimai birliklərin nümayəndələri, beynəlxalq ekspertlər, paytaxtda fəaliyyət göstərən özəl və dövlət tibb müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının sədri Rauf Ağayev Səhiyyə Nazirliyi tərəfindən özəl tibb müəssisələrinin işlərinin beynəlxalq standartlara uyğun şəkildə aparılmasına daim diqqət yetirildiyini vurğulayıb. Bildirib ki, yeni yaradılan assosiasiya özəl tibb müəssisələri ilə bağlı monitorinqlər aparmaqla, Səhiyyə Nazirliyinə dəstək verəcək. Assosiasiyanın sədri qeyd edib ki, tibbi xidmətin keyfiyyətli və təhlükəsiz təşkili əsas məqsəddir. Eyni zamanda, pasiyentlərin hüquqlarının qorunması da mühüm məsələdir.
Konfransda ATMA-nın yaranma tarixi, məqsədləri, fəaliyyət planı, tibb müəssisələrinin inkişafındakı rolu və qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında məlumat verilib. Həmçinin yerli və beynəlxalq ekspertlər “Tibb müəssisələrinin qarşılıqlı əməkdaşlıq perspektivləri”, “Tibbi xidmətin keyfiyyət standartları və keyfiyyətli tibbi xidmətin təşkili”, “İcbari tibbi sığortanın həyata keçirilməsində tibb müəssisələrinin rolu”, “Tibb müəssisələrində pasiyent təhlükəsizliyi sisteminin təşkili”, “Tibb fəaliyyətinin və tibbi sənədləşdirmənin hüquqi aspektləri” mövzularında məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, ATMA özəl və dövlət tibb müəssisələrini könüllülük əsasında birləşdirən müstəqil ictimai birlikdir. Ölkəmizdə bütün tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığını təmin etməklə əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərmək təşkilatın əsas missiyasıdır. Assosiasiya tibb müəssisələri ilə dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında sıx əməkdaşlığın qurulmasına, səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, islahatların, milli sağlamlıq layihələrinin hazırlanması və həyata keçirilməsi prosesində tibb müəssisələrinin iştirakına kömək edir.
Xəbəri paylaş