Rayon mərkəzi xəstəxanalarında mediatur

KİV nümayəndələrinin Azərbaycanın müxtəlif bölgələrindəki tibb müəssisələrinin fəaliyyəti ilə tanış olması üçün mediaturların təşkili davam edir. Bu dəfə jurnalistlər Balakən, Oğuz və Şəki rayonlarının mərkəzi xəstəxanalarında olublar.
Oğuz Rayon Mərkəzi Xəstəxanası (RMX) ilə tanışlıq zamanı məlumat verilib ki, 2009-cu ildə istifadəyə verilən bu tibb ocağına gün ərzində təxminən 100-120 xəstə müraciət edir. Hər cür şərait yaradılmış, dərman təminatı yüksək səviyyədə olan xəstəxanada rentgen, flüoroqraf aparatı, USM, exokardioqrafiya, laboratoriya və digər xidmətlər var. Bildirilib ki, Oğuz turizm zonası olduğu üçün xəstəxanaya əcnəbi vətəndaşlar da müraciət edirlər.
Daha sonra Balakən RMX-da olan media nümayəndələrinə məlumat verilib ki, 2011-ci ildən əhalinin istifadəsində olan xəstəxanada 15 şöbə fəaliyyət göstərir. Bütün ixtisaslar üzrə kadrlarla təmin edilən tibb müəssisəsində 148 həkim, 504 orta tibb işçisi çalışır. Bildirilib ki, Balakənin iqlimi və suyu burada ağciyər, onurğa və revmatizm xəstəliklərinə, stomatoloji xəstəliklərə meyilliliyi şərtləndirir, müraciətlərin çoxu məhz bu xəstəliklər üzrədir.
Mediaturun son ünvanı Şəki RMX olub. Bildirilib ki, 100 çarpayılıq tibb müəssisəsi 2011-ci ilin noyabrında istifadəyə verilib. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, hemodializ və poliklinika şöbələri fəaliyyət göstərir. Xəstəxanada tibb elminin ən son nailiyyətlərinə əsaslanan hemodializ, anesteziya və laboratoriya avadanlığı, 4D ultrasəs müayinəsi, rentgenoqrafiya, kompüter tomoqrafiyası, süni nəfəs aparatları quraşdırılıb. Hemodializ şöbəsində 40-a yaxın xəstəyə tibbi xidmət göstərilir. Şəki RMX-da bu şöbənin yaradılması xəstələri və onların yaxınlarını hemodializ seansları üçün Bakıya, yaxud digər rayonlardakı diaqnostika mərkəzlərinə getmək əziyyətindən xilas edib. Xəstəxanada 450-yə yaxın həkim, o cümlədən xarici ölkələrdə hazırlıq kursları keçmiş tibb işçiləri çalışır.
Xəbəri paylaş