Uşaqlara göstərilən tibbi xidmət yüksək səviyyədə təşkil olunub

Azərbaycanda uşaq əhalisinə yüksək səviyyədə səhiyyə xidməti göstərilməsi üçün yerli səhiyyə müəssisələri və elmi tədqiqat institutları fəaliyyət göstərir.
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna 2015-ci il ərzində müxtəlif dərəcəli sağlamlıq problemləri olan 9 099, 2016-cı ilin birinci yarımilliyində isə 4 500 uşaq gətirilib. Həmçinin ötən il ərzində Konsultativ poliklinika şöbəsində 21 761, bu ilin ilk 6 ayında isə 10 530 uşaq müayinədən keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət Proqramı”nın icrası məqsədi ilə 2016-cı ildə İnstitutun əməkdaşları müxtəlif bölgələrdə ezamiyyətdə olublar. Həkimlərdən ibarət 15 qrup bölgələr üzrə 39 rayona ezam edilib. Proqramın icrası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən rayon mərkəzi xəstəxanaları qarşısında çox mühüm vəzifələr qoyulub və onların uğurla yerinə yetirilməsi yollarını göstərilib. Yerlərdə müvafiq sənədlərin olması yoxlanılıb, dispanserizasiya planına uyğun olaraq aparılan müayinə və müalicə tədbirləri haqqında məlumatların uşaqların dispanser müşahidə kartında əksini tapması və “Elektron sağlamlıq kartı”nın yaradılması araşdırılıb. Sağlamlıq imkanları məhdud olan, həmçinin cəzaçəkmə müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların siyahısı dəqiqləşdirilib.
İnstitutun əməkdaşları ötən il ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak edib, Sankt-Peterburqda qızılca, məxmərəyin diaqnostikası və eliminasiyası üzrə toplantıda, Tbilisidə innovasiyalara dair tibbi forumda, Bakıda xarici mütəxəssislərin iştirakı ilə neonatal xidmətlə bağlı seminarda, Tokioda ana və uşaq sağlamlığının mühafizəsi üzrə konfransda məruzələrlə çıxış ediblər.
Xəbəri paylaş